Ermənistan Zakir Həsənovdan şikayət etdi

23-04-2015, 15:31           
Ermənistan Zakir Həsənovdan şikayət etdi
“İndiyə qədər heç bir reaksiya yoxdur”.

ATƏT hələ də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun sözlərinə reaksiya verməyib.

Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan deyib.

“İndiyə qədər bu qurum tərəfindən heç bir reaksiya yoxdur”, - o deyib.

Xatırladaq ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu günlərdə bəyan edib ki, ölkənin Silahlı Qüvvələri işğalçıları məhv etməyə daim hazırdır.

“Ordumuzun arsenalında, xüsusilə özümüzün və digər ölkələrin hərbi-sənaye komplekslərinin istehsalı olan keyfiyyətli, yüksək dəqiqliyə və geniş ərazidə dağıdıcı qüvvəyə malik, silahlanmaya qəbul edilmiş yeni silahlar sayəsində bu vəzifəmizi layiqincə yerinə yetirəcəyik”, - deyə müdafiə naziri bildirib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşdə Zakir Həsənov Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi, rəsmi İrəvanın sülh danışıqlarından boyun qaçıraraq cəbhədə vəziyyəti gərginləşdirməsi və son vaxtlar uğursuzluğa düçar olaraq çoxsaylı itkilərə məruz qalan düşmənin minaatanlardan, iriçaplı silahlardan istifadə etməklə yaşayış məntəqələrini, qeyri-hərbi obyektləri və dinc sakinləri atəşə tutmaları faktlarını bir daha qonağın diqqətinə çatdırıb.

“Silahlı Qüvvələrimizin bölmələri hər dəfə düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə effektiv cavab tədbirləri görür. Təmas xəttində yerləşən bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verilib və bu qeyd-şərtsiz yerinə yetirilir", - nazir deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.