Maltada məşhur jurnalistin qətli ilə bağlı 2 nazir istefa verdi
30-11-2019, 00:00
Maltanın Baş naziri Jozef Muskat jurnalist Dafne Karuana Galizianın ölümünün araşdırılması üçün cümə günü gecə təcili hökumətin iclasını çağırıb.
Son günlərdə iki nazir Muskat hökumətindən istefa verib və aparat rəhbəri də polis tərəfindən saxlandıqdan sonra vəzifəsindən gedib. Baş nazirə də təzyiqlər artmaqda davam edir.
Maltanın Baş nazirinin müavini Kris Firn "France Press" ə müsahibəsində "vəziyyət çox ciddidir" deyib.
Agentliyin mənbələri deyirlər ki, kabinet çox güman ki, jurnalistin qətlinin təşkilində şübhəli bilinən Yorgen Feneçin əfv olunması imkanlarını müzakirə edib.
Ötən həftə sonu iş adamı Yorgen Feneç saxlanılıb. O, Baş nazir administrasiyasının keçmiş rəhbəri Keyt Şembrini jurnalistin qətlinin təşkilatçısı adlandırıb.
İttihamlardan sonra Çambrey vəzifəsini tərk edib. O, əvvəlcə saxlanılsa da, cümə gecəsi sərbəst buraxıldığı məlum olub. Polisdən bildiriblər ki, onu həbs etməyə əsas olmayıb.
"Times of Malta" qəzetinin verdiyi xəbərə görə, Feneçi də üç dəfə saxlayıb, daha sonra isə sərbəst buraxıblar. Baş nazir bunun polisə dindirmə üçün kifayət qədər vaxt vermək məqsədilə edildiyini söyləyib.
Jozef Muskat qətlin sifarişçisi haqqında danışacağı təqdirdə Feneçin cəzasını yüngülləşdirilməsi üçün ona mərhəmət göstərilə bilər. Bundan sonra Malta Parlamentinin qarşısında başlayan kütləvi etirazın iştirakçıları Baş nazirin istefasını tələb ediblər.
Yorgen Feneç "Tumas" şirkətlər qrupuna rəhbərlik edir və qaz elektrik stansiyasının tikintisini həyata keçirən "Electrogas" şirkətində direktor vəzifəsi daşıyır. Bu şirkət Malta səlahiyyətlilərindən qazlı elektrik stansiyasının tikintisi üçün milyonlarla dollarlıq güzəşt alıb.
Onu Dubaydakı "17 Black" şirkətinin rəhbəri adlandırırlar. Bu şirkətin adı 2016-cı ildə tirajlanmış onlarla məşhurun, o cümlədən bir neçə ölkənin prezidentlərinin çirkli pulların yuyulması ilə əlaqəsini aşkara çıxaran "Panama Sənədləri"ndə Panama şirkəti olan Mossak Fonseka sənədlərində əks olunub.
Dafne Karuana Galizia 2008-ci ildən bəri üzərində işlədiyi "Running commentary" adlı antikorrupsiya blogu ilə yaxşı tanınıb. O, "Panama Sənədləri"nin öyrənilməsi ilə də məşğul olub.
Galiziya müntəzəm olaraq ölüm təhdidləri alıb. Bloqunda haqqında yazdığı nüfuzlu siyasətçilərdən ona qarşı bir sıra məhkəmə iddiaları qaldırılıb.
Jurnalist 2017-ci ilin oktyabrında evinin yaxınlığında öldürülüb - onun maşınını partladıblar. Bu hadisə Maltanı şoka salıb və hakimiyyətin tənqid atəşinə tutulmasına səbəb olub. (BBC Azərbaycan)