“Prezident Ruhani ən güclü rəqibindən xilas oldu”

3-01-2020, 22:46           
“Prezident Ruhani ən güclü rəqibindən xilas oldu”
Politoloq: “Süleymaninin öldürülməsi İranda daxili siyasi qarşıdurmanı səngidə, lakin xarici siyasətdə aqressiyanı gücləndirə bilər”



Xəbər verdiyimiz kimi, İraqda İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandiri, general Qasım Süleymani ABŞ hərbi hava qüvvələrinin bombardımanı nəticəsində öldürülüb. Baş verən hadisə rəsmi Tehranda böyük hiddətə səbəb olub. İranın Ali dini lideri Ayətullah Əli Xamaneyi Vaşinqtonu qisasla hədələyib.



Baş verənləri, hadisələrin bundan sonrakı gedişatını AYNA-ya politoloq Nəzakət Məmmədova şərh edib. O bildirib ki, bu hadisə Yaxın Şərqdə 2020-ci ildə ABŞ-İran qarşıdurmasının daha da gərginləşəcəyinin ilk siqnalıdır: “Süleymani İranda "dövlət içində dövlət" olan təşkilatın – SEPAH-ın “Qüds” qanadını komandiri, ölkənin faktiki olaraq Ayətullah Xameneyidən sonra ikinci şəxsi, Ruhanidən sonra İran dövlətinin başına keçmək şansı olan lideri idi. Onun öldürülməsi Yaxın Şərqdə güc nisbətinin xeyli dərəcədə İranın zərərinə olacağını deməyə əsas verir”.



“Hər halda, Süleymani regionu yaxşı tanıyan, böyük təcrübəsi olan şəxs idi və onun yerini tutaraq İranın regional strategiyasını davam etdirəcək şəxsin də ən azı onun qədər təcrübəli olması vacib şərtdir. ABŞ bu miqyasda əməliyyat apararaq İran generalını məhv etməklə, İrana meydan oxuyaraq, açıq savaşa hazır olduğunu bir daha göstərdi. Görünür, bu plan Pentaqonda çoxdan var idi. Nəzərə alsaq ki, ABŞ bir müddət öncə SEPAH-ı terror təşkilatı elan etmişdi, bu, həm də Süleymaninin öldürülməsi planının əsas hissələrindən biri hesab oluna bilər. Süleymani ABŞ-ın təsvirində İran hərbi-siyasi xadimi yox, İslam Keşikçiləri Korpusu Briqadasının “Qüds” komandanlığı kimi terror təşkilatının rəhbəri hesab olunur və onun aradan götürülməsi əməliyyatı antiterror əməliyyatı kimi təqdim olunacaq”, - siyasi şərhçi vurğulayıb.



Politoloqun sözlərinə görə, bu hadisə İranın daxili siyasətinə təsirsiz ötüşməyəcək: “ABŞ Qüds korpusunu terrorçu elan etmişdi. Çünki xarici dövlətlərdə silahlı dövlət çevrilişi etmək, siyasi xadimləri öldürmək ABŞ Konqressi tərəfindən qadağan edilib və artıq bəzi ABŞ konqresmenləri buna reaksiya veriblər. Prezident Tramp Süleymaninin öldürülməsi əmrini versə də, bu, Konqresslə razılaşdırılmalı idi və ABŞ Konqressinin buna razılıq verib-vermədiyi hələlik məlum deyil. Hər halda, İran bunun revanşını alacaq və Yaxın Şərqdəki radikal şiə qruplaşmalarının cavab reaksiyası gözlənilir”.



“Eyni zamanda, Süleymaninin öldürülməsi İranın daxili siyasətinə də təsirsiz ötüşməyəcək. Süleymaninin İran Prezidenti olmaq məsələsi gündəmdə idi və Ruhani bu hadisə ilə öz güclü rəqibindən xilas oldu. Bu, İranda daxili siyasi qarşıdurmanı səngidə, lakin xarici siyasətdə aqressiyanı gücləndirə bilər. Bir şərtlə ki, Süleymanidən sonra onun yerini tutacaq şəxs onun kimi ola bilsin”, - müsahibimiz diqqətə çatdırıb.



“Doğrudur, bu hadisə Yaxın Şərqdə ABŞ-İran gərginliyinin artmasına səbəb olacaq. Lakin bu hadisənin fonunda ABŞ və İran arasında birbaşa hərbi əməliyyatlara start veriləcəyi inandrıcı deyil. Çünki bu müharibə nə ABŞ-a, nə də İrana lazımdır”, - deyə N.Məmmədova əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.