Haftarın ordusu Liviyada hərbi əməliyyatların dayandırıldığını elan edib
12-01-2020, 04:49
Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) yerli vaxtla bazar günü gecə yarısından etibarən Liviyanın qərbində hərbi əməliyyatların dayandırıldığını açıqlayıb.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə LMO-nun yaydığı açıqlamada deyilir.
“Qarşı tərəf də bu barışığa riayət etməlidir. Qarşıdurma olacağı təqdirdə sərt cavab veriləcək”, - deyə LMO-nun rəsmi nümayəndəsi Əhməd əl-Mismari qeyd edib.
Bundan əvvəl Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Liviya ilə bağlı ortaq mövqedən razılığa gələrək, bütün tərəfləri yanvarın 12-də gecə yarısından atəşə son qoymağa, dərhal danışıqlar masasına oturmağa çağırıblar. Haftar bu təşəbbüsü alqışlayıb, ancaq ordusunun keçən ilin aprel ayından başladığı Tripoliyə hərbi hücumu davam etdirəcəyini bildirib.
Öz növbəsində, Liviyanın beynəlxalq səviyyədə tanınan Milli Birlik Hökumətinin başçısı Fayez Sarrac da atəşkəs təşəbbüsünü alqışlayıb, lakin bunu LMO bölmələrinin geri çəkilməsi ilə əlaqələndirib.