İranda etiraz dalğası böyüyür: Etirazçılar Qasim Süleymaninin posterlərini cırırlar – VİDEOLAR
12-01-2020, 11:20
Ukrayna təyyarəsini vurmasını etiraf etməsi İranda vəziyyətin məcrasından çıxmasına səbəb olub.
Ovqat.com xəbər verir ki, dünən axşam İranın əsasən 4 şəhərində - Tehran, İsfahan, Qum və Şirazda etiraz aksiyaları start götürüb.
Gecə yarı olmasına baxmayaraq, aksiyaçılar evlərinə getmək istəməyiblər. Sosial şəbəkələrdə başqa şəhərlərin sakinləri də etiraz aksiyasına çağırılıblar.
Aksiya iştirakçılarının bir neçə ay öncə keçirilən benzin üsyanlarından daha qələbəlik və həyəcanlı olduğu bildirilir. Bəzi aksiyaçıların hətta vəcdə gələrək, qeyri-adi səslərlə bir çox rəsmi təbliğat vasitələrini cırdıqları müşahidə olunur. Diqqəti cəlb edən əsas məqam isə İran xalqının bir neçə gün öncə yüzminlərin iştirakı ilə son mənzilə yola saldığı Qasim Süleymaninin posterlərini cırmalarıdır. Hansı ki, İranın Xarici İşlər naziri Cavad Zərif, Süleymaninin dəfn mərasimindən çəkilən şəkilləri Twitter səhifəsində paylaşaraq, ABŞ prezidentinə əzələ nümayiş etdirmiş, “Ey Tramp, sən heç bu qədər insan seli görmüşdünmü?” mesajı vermişdi. İndi həmin “insan seli” İranın əfsanəvi generalının qəniminə çevrilib.
Polislər aksiyanı dağıtmağa çalışsalar da “benzin üsyanı”nda olduğu qədər aqressiv deyillər. Etirazçılara qarşı SEPAH üzvlərinin daha sərt davrandığı müşahidə olunur, amma təyyarə faciəsindən sonra onların da əvvəlki etibarı qalmayıb. İran rəsmiləri ölkəni dünya qarşısında rəzil duruma salan “inqilab keşikçi”lərini açıq şəkildə qınayırlar. Hətta prezident Ruhani günahkarların cəzalandırılacağı bəyan edib. Bu da SEPAH üzvlərinin psixoloji üstünlüklərini darmadağın edir, əl-qolunu bağlayır, ümumxalq etirazlarının körüklənməsinə və “inqilab keşikçi”lərinə qarşı yönəlməsinə yol açır.
Etirazçıların şüarları da maraqlıdır. Onlar bir ağızdan “Bizim düşmənlərimiz Amerikada deyil, İrandadır”, “İstefa”, “Bişərəf” kimi şüarlar səsləndirirlər.
İran mətbuatının yazdığına görə, bu dəfə də hökumət internet qadağaları gətirmək barədə düşünür. Xatırladaq ki, vaxtilə Misirdə və digər ərəb ölkələrində də bu cür metodlara əl atılmış, amma bunun heç bir faydası olmamışdı. Zira ABŞ kosmik vasitələrlə həmin ölkələri internet dalğaları ilə təmin etmiş, dolayısıyla aksiyaçıların rabitə şəbəkəsi aktiv hala gətirilmişdi.
ABŞ İran xalqının etirazlarını açıq şəkildə dəstəkləyir. Prezident Donald Tramp öz məşhur twitter səhifəsində İran xalqına dəstək mesajı paylaşıb. “Sizin şücaətiniz mənə ilham verir” yazan Tramp aksiyaları yaxından izlədiyini də gizlətməyib.