SON DƏQİQƏ! Etirazçılar Prezident sarayını ələ keçirdi - Ölkədə ara qarışdı (FOTO)

13-01-2020, 01:01           
SON DƏQİQƏ! Etirazçılar Prezident sarayını ələ keçirdi - Ölkədə ara qarışdı (FOTO)
Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsində etiraz aksiyası başlayıb.

İxa.az xəbər verir ki, ötən il sentyabrın 8-də keçirilən qondarma “prezident seçkiləri”nin ikinci turunun nəticələrinin ləğv edilməsini tələb edən etirazçılar bu gün səhər saatlarından Suxumidə küçələrə çıxıblar. Günun sonuna doğru “prezident sarayı”na hücum edən 500-dək etirazçı isə binanın pəncərələrinin şüşələrini sındıraraq işçəri daxil olub.



Məsələ ilə əlaqədar açıqlama verən separatçı respublikanın defakto rəhbəri Raul Xacimba hadisələri “dövlət çevrilişinə cəhd” kimi qiymətləndirdiyini bildirib və qondarma respublikanın “Təhlükəsizlik Şurası”nın iclasını çağırıb. O, hadisələrin gedişindən asılı olaraq, fövqəladə vəziyyət rejimi tətbiq edə biləcəyini istisna etməyib.

Gürcüstan Prezidenti Salome Zurabişvili isə baş verən hadisələrə "Twitter" hesabı üzərindən reaksiya verib. Xanım prezident bildirib ki, Suxumi və Abxaziyada gedən prosesləri yaxından izləyir.

“Suxumidəki hadisələri və işğal edilmiş Abxaziyada vətəndaşlarımızın təhlükəsizliyini, taleyini və insan haqlarını yaxından izləyirəm”, - deyə S.Zurabişvili qeyd edib.

Qeyd edək ki, ötən il avqustun 25-də Gürcüstanın Abxaziya bölgəsində qondarma “prezident seçkiləri” keçirilib. Seçkilərin sentyabrın 8-də baş tutan ikinci turundan sonra Raul Xacimbanın yenidən qələbə qazandığı elan edilib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmin seçkilərin və onun nəticələrinin tanınmadığına dair bəyanat yaymışdı.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır. Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”, - deyə XİN-in açıqlamasında qeyd edilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.