Trampın müşaviri: "ABŞ 2020-ci ildə “taliblər”lə saziş bağlamaq istəyir"
13-01-2020, 04:12
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Robert O Brayen bildirib ki, dövlət başçısı Donald Tramp bu il “taliblər”lə saziş bağlaya bilər, amma hətta əgər saziş olmasa, Vaşinqton Əfqanıstandakı kontingentini azaltmaq niyyətindədir.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə O Brayen “Axios” portalına bildirib.
"Əfqan qüvvələri indi öz işinin öhdəsindən daha yaxşı gəlir və mən düşünürəm ki, biz hansısa bir anda tezliklə razılaşma ilə və ya razılaşmasız Əfqanıstandakı hərbi qüvvələrimizi azaldacağıq", - O Brayen qeyd edib.
O, Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində “Taliban”la razılaşma bağlamaq niyyətində olub-olmaması barədə sualına cavabında bildirib ki, saziş bu il ola bilər.
"Seçkilərin nə vaxt keçiriləcəyinə əsaslanan şeyləri mühakimə etmirəm, amma düşünürəm ki, saziş bu il olacaq. Biz bunun üzərində işləyirik. Ancaq yaxşı bir razılaşma olmalıdır", - Trampın müşaviri deyib.