Yaponiyada koronavirus bəlası
7-02-2020, 08:03
Yaponiyada kruiz laynerində yeni növ koronavirusa yoluxanların sayı 61 nəfərə çatıb. Bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Yaponiya hökumətinin qərarına əsasən, “Diamond Princess” kruiz layneri sərnişinlərdən birində yeni koronavirus aşkar edildikdən sonra Yokohama limanında saxlanılıb. Bildirilir ki, gəmi yanvarın 20-də Kaqoşima-Honkonq-Okinava marşrutu üzrə səyahətə çıxıb. Lakin Honkonqda gəmini tərk edən 80 yaşlı Honkonq sakinində koronavirisun yeni tipi aşkar edilib. Bundan sonra sərnişinlərdən bir neçəsində yüksək temperatur və öskürmə qeydə alınıb.
Yaponiya hökumətinin qərarına əsasən, göyərtəsində 3700 nəfərin olduğu layner Yokohama limanında saxlanılıb və ona karantin tətbiq edilib. Koronavirusa yoluxanlar gəmidən çıxarılaraq xəstəxanaya yerləşdirilib. Gəmidə qalan sərnişinlər üçün karantin müddəti davam edir.
Eyni zamanda, koronavirusun aşkar edildiyi Çinin Uxan şəhərindən Yaponiya vətəndaşlarının təxliyəsi davam edir. Həmin sərnişinləri gətirən dördüncü təyyarə yanvarın 7-də Tokionun “Haneda” aeroportuna enib. Təyyarənin göyərtəsində 198 sərnişin olduğu bildirilir. Onlardan 80-ni Yaponiya vətəndaşları ilə ailə qurmuş çinlilərdir.
Qeyd edək ki, ötən həftə həyata keçirilən üç çarter reysi vasitəsilə Uxandan 565 Yaponiya vətəndaşı təxliyə edilib. /Azərtac