İŞİD-in yeni lideri azərbaycanlıdır
26-04-2015, 15:17
Bir müddət əvvəl İngiltərənin “Guardian” qəzeti İŞİD lideri Əbubəkr əl-Bağdadinin ölməsi və onun yerinə yeni xəlifə seçilməsi barədə xəbər yaydı. Xəbərə görə, Bağdadi ABŞ-ın bombardımanları altında qalaraq, ağır yaralanmış və bir müddətdən sonra ölmüşdür.
“Guardian”ın bu xəbərini təkzib edən Pentaqon yetkililəri koalisiya qüvvələrinin İŞİD liderini hədəf alan hər hansı bir əməliyyat keçirmədiyini və yayılan xəbərin dezinformasiya ola biləcəyini bildirmişdi.
İraqdan gələn yeni informasiyalar isə Pentaqonun düz danışmadığından xəbər verir. İraq xəbər agentliyi “Varadana”, Mosuldakı etibarlı qaynağa əsaslanaraq, məlum xəbəri təqdisləməklə yanaşı, hətta İŞİD-in yeni xəlifəsinin adını da açıqlayıb. Tələfər doğumlu yeni xəlifə Əbu Əla əl-Arfi ləğəbli Ədürrəhman Mustafa əl-Şıxlardır.
Bir çoxlarınıza Şıxlar adı doğma gələ bilər. Haqlısınız. “Şeyx” sözünün bir başqa oxunuş şəkilinə türkcə cəm şəkilcisi artırılaraq ərsəyə gətirilən bu ad Azərbaycan türklərinə aiddir. Nə ərəblərdə, nə farslarda, nə də başqa müsəlman xalqlarda bu cür ad tapmaq mümkün deyil.
“Şıxlar” sözünün doğduğu mənəvi əsaslara nəzər salsaq, onun bizim milli kültürdən yarandığını daha aydın görə bilərik. Belə ki, ta qədimlərdən şaman gələnəklərini mənimsəyən türklər islamı qəbul etdikdən sonra onu öz dünyagörüşlərinə uyğunlaşdırmış, mənəvi dədələrə duyduğu hörməti yeni dinin öndə gələnlərinin sifətinə köçürmüşlər (metafora etmişlər). Nəticədə, şaman kultu yerinə “şıx” ünvanı yaranmışdır. Xüsusilə təsəvvüf kültürünün Ələvi-Bektaşı gələnəklərində “40-lar” anlayışının təsiriylə müqəddəsləşən ünvanlara zaman-zaman “şıxlar” deyilməyə başlanmışdır. Yeni xəlifənin adındakı “əl-Şıxlar” tərkibi onun Azərbaycan kökənli türkmən tayfasına mənsub olduğu barədə versiyanı qüvvətləndirir. Nədən ki, bu tərkibdəki “əl” şəkilçisi mənsubiyyət bildirir, insanın adını yox, hansı tayfaya aid olduğunu göstərir. Görünür, məhz bu səbəbdən, adlarından rahatlıqla imtina edən sələfi ənənəsinin əksinə olaraq, yeni xəlifə böyük ehtimalla dədə-baba məhzəbini dəyişdirib vəhabiliyi qəbul etsə də, öz künyəsinə toxunmayıb.
Yeni xəlifənin Təlafər doğumlu olması da onun Azərbaycanla mənəvi bağlantısını təsdiqləyir. Bilindiyi kimi, Təlafər əhalisinin böyük əksəriyyəti türkməndir. Əsasən ağqoyunluların tarixi mirası olan İraq türkmənlərinin məskunlaşdığı bu şəhər Türkiyənin tam sərhəddində yerləşir və onların böyük əksəriyyətinin dini görüşləri şiəlikdən törəmə Ələvilik və Bektaşilikdir. Həmin təriqətlər Təlafərdə o qədər güclü olub ki, hətta 200 minlik əhalisi olan şəhərdə 1940-cı illərə qədər hər hansı bir məscidin olmadığı bilinir. Zira Ələvi və Bektaşı gələnəklərində məscid yox, cəm evləri və təkkələr mövcuddur və Bektaşı təkkələri indiyə qədər Təlafərin əsas inanc yeri olub. Həmin təkkə və cəm evlərinə isə dədələr, yaxud şıxlar rəhbərlik edib. Yuxarıda qeyd etdiyimiz kimi, Bektaşı-Ələvi gələnəklərində önəmli yer tutan “şıx” və ya “şıxlar” kultu bu gün İraq türkmənlərinin ən gözəl türkülərində öz izlərini qoruyur. “Qalx, gedəğin Şıx bağına qəzələ” türküsü bunun ən barzi nümunəsidir.
Onu da qeyd edək ki, İraq türkmənlərinin şivəsi digər türkdilli xalqlardan, o cümlədən türkiyəlilərdən daha çox, Azərbaycan türkcəsinə yaxındır. Hətta belə demək mümkündürsə, eynidir. Bütün bunlar İŞİD-in yeni liderinin bizə yad birisi olmadığını bir daha təsdiqləyir.
Yeni “xəlifə” haqqında xəsisliklə verilən bir sıra məlumatlar onun həqiqətən dədə-baba dini görüşündən ayrılıb məhzəb dəyişdirdiyini ağla gətirir. Məlumata görə, 1990-cı illərdə öz dini təbliğatına başlayan xəlifə o zamana qədər isə avtobus sürücüsü işləyib. Belə çıxır ki, yeni xəlifənin sələfiliyi 1990-ci illərdən başlayıb və o, bu zamana qədər Təlafərin ənənəvi dini görüşünü mənimsəyib.
Təlafərin ilk sələfi “irşadçısı” olan Arfi qısa müddətdən sonra şəhərdəki Böyük bazar camisində moizələr oxuyub. İraqın işğalından sonra amerikan basqılarına məruz qalan bu türkmən “irşadçı” 2004-cü ildə məmləkətini tərk edərək qürbətdə əl-Qaidə təşkilatına qoşulub. Daha sonra bu beynəlxalq terror təşkilatının İraq üzrə Müşavirə Qurumunun sədri sifətində yenidən ölkəsinə qayıdıb. Maraqlıdır ki, sələfi əl-Bağdadiylə bərabər, o da ABŞ tərəfindən həbsə atılıb, qısa müddətdən sonra azadlığa buraxılıb. İndi adı yenidən dünyanın ən çox axtarılanlar siyahısının yuxarılarına əlavə olunacaq azərbaycanlı xəlifənin öz həyatını nə zamana qədər sürdürə biləcəyi müəmmalıdır. Görünür, “niyə tutmuşdun, niyə buraxdın və indi niyə başına bomba yağdırırsan?” sualı təlafərli xəlifə və onun sələfi ilə bərabər, ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətini hər zaman sorğulayan müəmmaya çevriləcək.
Heydər Oğuz
Strateq.az