Səudiyyə neftin qiymətinin ucuzlaşması fonunda bəzi layihələri təxirə salıb- Nazir açıqladı

24-04-2020, 01:35           
Səudiyyə neftin qiymətinin ucuzlaşması fonunda bəzi layihələri təxirə salıb- Nazir açıqladı
Səudiyyə Ərəbistanı neftin qiymətinin ucuzlaşması fonunda bəzi layihələri təxirə salıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Maliyyə naziri Məhəmməd əl-Cedan koronavirusun yeni növünün yayılması səbəbindən neftin qiymətinin ucuzlaşması fonunda səyahət və müvəqqəti təyinat xərclərinin azaldıldığını və layihələrin təxirə salındığını açıqlayıb.

O, böhranı aradan qaldırmaq və kəsiri nəzarət altında saxlamaq üçün lazımi maliyyə resurslarına sahib olduqlarını və hökumətin xərcləri azaltmaq üçün əlavə tədbirlər görməyi düşündüyünü bildirib.

“COVID-19 pandemiyasından əvvəl ölkənin borcalma həcminin 120 milyard riala (32 milyard dollar) çatacağı gözlənilsə də, hazırda bu göstəricinin 220 milyard riala (59 milyard dollar) yüksələcəyi proqnozlaşdırılır. İlk dəfə qeyri-neft sektorunda mənfi artım gözləyirik. Sağlamlıq şərtləri imkan verərsə, iqtisadiyyatı canlandırmaq üçün çox çalışırıq”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti neftin qiymətinin düşməsi ilə əlaqədar 2020-ci ilin büdcəsini 50 milyard rial (13,3 milyard dollar) azaltmaq barədə qərar verib. Büdcə xərcləri 272 milyard dollar, gəlirlər isə 222 milyard dollar nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.