Əmisini edam etdirən, naziri güllələyən ağ atlı Kim indi haradadır?

29-04-2020, 10:11           
Əmisini edam etdirən, naziri güllələyən ağ atlı Kim indi haradadır?
Kim Çen İn deyincə ağıla ilk gələn ehtişamlı hərbi paradlar, heykəllər, kiçik ölkənin böyük iddialı diktatoru, nüvə sınaqları, bütün dünyanı, hətta ABŞ kimi fövqəldövləti narahat edən qorxunc raketlərdir. Onu bəzən Asiyanın “kiçik Stalini” adlandırırlar. Onun tərcümeyi-halı da bütün diktatorlar kimi dolaşıq və müəmmalıdır. Rəsmi məlumatlara görə, Şimali Koreya rəhbəri 8 yanvar 1982-ci ildə Pxenyanda dünyaya gəlib. Bəzi ölkələrin xüsusi xidmət orqanlarının məlumatına görə isə onun yaşı çoxaldılır, Kim Çen əslində 1984-cü ildən tez dünyaya gəlməyib. Onun valideynləri Şimali Koreya rəhbəri Kim Çen İr və balerina Ko En Hi olmuşdu. O, atasının ikinci varisi idi, çünki özündən böyük nikahdankənar Çen Nam adlı qardaşı olub ki, onun anası da Son He Rim adlı aktrisa olmuşdur. Kim Çen İnin orta təhsilini İsveçrədəki beynəlxalq məktəbdə aldığı qeyd edilsə də, məktəb rəhbərliyi onun ayağının heç bir zaman məktəbin kandarına dəymədiyini bildirib.

Siyasət meydanında Kim Çen İnin adı 2008-ci ildə atasının ölümcül xəstə olmasından sonra hallanmağa başladı. Anasının ölkənin siyasi elitasını guya Kim Çen İnin atasının ən sevimli oğlu olmasına inandırmasından sonra o, ölkədə hakimiyyət uğrunda mübarizəyə qoşuldu. Atasının ölümündən az əvvəl o, ölkəsinin dövlət təhlükəsizlik xidmətinin rəhbəri təyin edildi. 2011-ci il noyabrın 24-də o, Koreya ordusunun ali baş komandanı təyin olundu. Bir neçə gün sonra isə hakimiyyət partiyası olan Koreya Əmək partiyasının lideri seçildi. O, ölkə lideri olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında babası Kim İr Senin 100 illik yubıley mərasimində çıxdı. Qeyri-rəsmi məlumata görə o, 2009-cu ildə Li Sol Çju adlı rəqqasə ilə evlənib. Onların 2010, 2012 və 2017-ci il təvəllüdlü 3 uşaqlarının olmasından sonra Li Sol “hörmətli birinci ledi” tituluna sahib olmuşdur. Lakin Kim Çen İnin adı müxtəlif qadınlarla hallanır. Məsələn, onlardan biri məşhur müğənni Hyon Son Volun 2010-cu ildə güllələnməsi deyilir. Güllələnməyə səbəb aktrisanın, eləcə də ansambldakı rəfiqələrinin pornofilmlərdə çəkilməsi və evində Bibliya saxlaması olduğu qeyd edilir. Halbuki, 2018-ci ildə ölkəsinin Cənubi Koreyada olimpiada oyunlarında iştirak edən nümayəndə heyətinə məhz o başçılıq etmişdi. Onun hakimiyyəti dövründə 70-dən çox məmuru, əsasən korrupsiyada ittiham etdiyi şəxsləri edam etdirməsi barədə məlumatlar xarici siyasətdə olduğu kimi daxili siyasətdə də güzəştsiz, qəddar olduğunu göstərir. Onun öldürmək əmri verdiyi şəxslər arasında çevriliş cəhdində ittiham etdiyi doğma əmisi də olmuşdur. Dövlətə xəyanətdə şübhəli bildiyi müdafiə naziri Hen En Çolu o, öz əliylə güllələmişdir.

Bununla yanaşı, siyasi məhbuslar üçün həbs düşərgələrinin başlanması, təhkimçilik hüququnun ləğvi onun həyata keçirdiyi təqdirəlayiq islahatlar sırasına daxildir. Onun islahatları sayəsində əhalinin güzəranı xeyli yaxşılaşmışdır. Şimali Koreyanın ən yaxın strateji müttəfiqi Çindir. Kim Çen İn atasının yolunu davam etdirərək ölkəsinin nüvə potensialını artırmağa davam edir, BMT qətnamələrini heçə sayır və yoluna çıxan hər kəsi radioaktiv külə çevirməklə hədələyir. 2012-ci ildə Şimali Koreya kosmik dövlətlər klubuna üzv olub, beynəlxalq sanksiyalara məhəl qoymayaraq nüvə sınaqları keçirib. 2017-ci ildə hidrogen bombasının sınaqdan keçirilməsi zamanı 5,1 bal maqnitudasında zəlzələyə bərabər partlayış baş vermişdir. ABŞ-la hərbi paritetə nail olmağı qarşısına məqsəd qoyan Kim Çen İn “Hvason-12” raketinin sınaqdan keçirilməsi əmri vermiş, ballistik raket Yaponiya üzərindən uçaraq Sakit okeana düşmüşdür. Onun sözlərinə görə, nüvə proqramı kiçik Koreyanın dünyada söz sahibi olmasının tək vasitəsidir, lakin nüvə silahı hücum üçün deyil, müdafiə üçündür. Onun təhdidləri xüsusilə ABŞ-da ciddi qəbul olunur. ABŞ ekspertləri hesab edir ki, Pxenyanın ABŞ-a çatacaq məsafədə uzaqmənzilli raket arsenalına malik olmasına dair bəyanatlarının ciddi əsasları vardır.

2017-ci ilin fevralında onun ölkədən didərgin saldığı süd qardaşı Kim Nam Kuala-Lumpur aeroportunda zəhərlənərək öldürülmüşdür. Həmin ilin may ayında Şimali Koreya rəsmi şəkildə ABŞ Mərkəzi kəşfiyyat idarəsinin və Cənubi Koreya Milli kəşfiyyat xidmətinin Risiyada meşədə ağackəsən şimali koreyalını muzdlu qatil kimi tutaraq onun vasitəsilə Kim Çen İni biokimyəvi silahla öldürtmək planlarından bəhs edib. 2017-ci ilin noyabrında ABŞ prezidenti Tramp özünün Kim Çen İnə həsr olanan və Vyetnamda baş tutan Asiya-Sakit okean sammitində iştirakı barədə dalbadal tvitlər paylaşmışdı. Həmin Tvitlərdən birində Tramp gileylənmişdi ki, Kim Çen İn onu qoca adlandırıb, hərçənd ki, o da dikbaş koreyalını balaca və gonbul adlandıra bilərdi. Çünki 175 sm. boyu olan Kim 130 kiloqramdır. Lakin Tramp əvvəllər onu dəfələrlə təhqir edərək ağılsız və intiharçı-kosmonavt adlandırmışdı.

Sağlamlığa gəlincə, artıq çəki ucbatından Kimin hələ gənc yaşlarından səhhətində problemləri olub. Onun şəkərli diabet və yüksək qan təzyiqindən əziyyət çəkməsi bildirilir. Zaman-zaman onun səhhətində problemlər baş qaldırır və Kim ictimaiyyət qarşısında görünmür. Məsələn, 2014-cü ildə o, 6 həftəlik müddətdə gözə görünmədi, 2017-ci ilin sentyabrında isə Şimali Koreya yenə də Kimin səhhətində yaranmış problemlərlə əlaqədar yeni ballistik raketlərin sınağının keçirilməsini təxirə saldı. 2020-ci ildə yenidən onun ürəyində əməliyyat keçirməsi, komaya düşməsi, koronavirus nəticəsində vəfat etməsi barədə məlumatlar yayılmaqdadır. Lakin bu məlumatlar təkzib edilir, Kimin Vonsan kurort şəhərindəki iqamətgahında dincəldiyi, virusdan qorunduğu bildirilir. Çünki Çinlə coğrafi və siyasi-iqtisadi cəhətdən yaxın olan Şimali Koreya da koronavirusla bağlı karantin elan edib. Kimin varisi olaraq Əmək partiyasının təbliğat komitəsi sədrinin müavini olan bacısı Kim Ye Çjonun adı çəkilir. Kim Çe İn barədə maraqlı faktlar mövcuddur. O, marşal rütbəsi daşıyır. 2015-ci ildən ölkədə qadınlara yalnız Kimin arvadı, kişilərə isə özünün stilində saç düzümü modelinə icazə verilib. 2019-cu ildə o, öz zirehli qatarında ilk dəfə Primorska gələrək Vladimir Putinlə görüşmüşdür. Kim Çen İn basketbol pərəstişkarıdır. 2019-cu ildə o, ağ atın belində Pektusen dağına qalxaraq oradan ABŞ-ın ünvanına təhdidlər səsləndirmişdir.

Nəzakət Məmmədova

correct.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.