Erməni nazir işğala fəlsəfi “don biçir” - TƏHLİL

6-05-2020, 11:08           
Erməni nazir işğala fəlsəfi “don biçir” - TƏHLİL
Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı növbəti mücərrəd bəyanatla çıxış edib.

O, Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllini inkar edib. Əslində, Mnasakanyanın sözügedən açıqlaması onun aprelin 21-də Qorçakov Fondunun təşkil etdiyi onlayn dəyirmi masada Dağlıq Qarabağ probleminin mərhələli həllindən danışan Rusiyanın xarici işlər naziri Sergey Lavrova verdiyi sərt cavabın davamı sayıla bilər. Qeyd edək ki, mayın 4-də Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının iclasında çıxış edən Mnatsakanyan daha sərt və münaqişənin həllinə dair mürtəce təkliflə çıxış edib. “Qarabağ məsələsinin mərhələli nizamlanma planı mümkündür, lakin bu, münaqişənin bütün tərəflərinin mütənasib kompromislərini təmin etməlidir. Əgər kimsə güman edir ki, mərhələli plan öhdəliklər nisbətinin pozulması ilə mümkündür, o zaman deməliyəm ki, bu plan işləməyəcək. Vaxtilə həmkarlarımızdan biri demişdi ki, erməni tərəfi mərhələli plana razıdır: ilk mərhələdə status məsələsi həll olunur, sonra qalanları”-Mnatsakanyan belə deyib.

Onun sözlərinə görə, tərəflərin öhdəliklərinin tarazlaşdırılacağı bir plan tərtib etmək vacibdir. “Tərəflərdən birinin öz mövqelərini zəiflətməsini, digərinin qoruyub saxlamasını nəzərdə tutan qərar qeyri-mümkündür”.

Mnatsakanyan qərarın mərhələli və ya paketli olmasının Ermənistan üçün heç bir əhəmiyyəti olmaması barədə fikirlə razıdır. Əsas odur ki, nizamlanma planının icrasında tərəflərin balansı saxlanılsın.

Göründüyü kimi, Ermənistanın xarici işlər naziri rəsmi İrəvanın ilk baxışdan mərhələləli nizamlanmaya qarşı olmadığını bildirmək istəsə də bu, formal xarakter daşıyır. Çünki Z.Mnatsakanyan tarazlaşdırılmış öhdəliklərdən danışır ki, bu da əslində, Ermənistanın yenidən paket varianta qayıtması kimi başa düşülə bilər. Yəni, kompromis eyni vaxtda həm işğal altındakı ərazilərin azad olunmasını, həm də Dağlıq Qarabağaın yekun statusunun müəyyən edilməsini nəzərdə tutur.

Lakin Ermənistanın xarici işlər naziri mərhələli həll modelinə də öz yanından dəyişiklik edib. Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi birinci, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması isə sonuncu mərhələyə saxlanılır. Təbii ki, status məsələsinin ilkin mərhələdə öz həllini tapması işğal faktının legitimləşdirilməsi və Azərbaycanın bu faktla barışması deməkdir. Ona görə də Azərbaycan tərəfi heç bir halda Ermənsitanın maraqlarına cavab verən mərhələli variant razı olmaz. Zöhrab Mnatsakanyan da bunun bildiyinə görə, dolayısı ilə paket həll variantına qayıdır.

Hətta ötən həftə Mnatsakanyan daha konkret danışaraq bildirib ki, Ermənistan tərəfi Qarabağın statusu və təhlükəsizliyi məsələsində güzəştə getməyəcək. Bu o deməkdir ki, Qarabağ Azərbaycanın tərkibində olmayacaq və erməni qoşunları Qarabağı tərk etməyəcəklər.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün parlamentdəki çıxışında həmçinin bəyan edib ki, rəsmi Yerevan heç vaxt “Dağlıq Qarabağ xalqının ekzistensial təhlükəsizliyinə” xələl gətirə biləcək addımlara getməyəcək.

Bundan əvvəl Mnatsakanayn Lavrovun bəyanatına cavab olaraq, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların “təhlükəsizlik zolağına” aid olduğunu demişdi. O, bəyan edib ki, həmin ərazilərin qaytarılmasından söhbət gedə bilməz.

Rəsmi Bakı bu bəyanatı danışıqlardan imtina kimi dəyərləndirib. Bu isə Ermənistanın mərhələli və paket həll variantları ilə siyasi spekulyasiya etdiyini və əslində, işğal altındakı ərazilərin heç birini geri qaytarmaq niyyətində olduğunu göstərir. İndi isə Ermənistanın xarici işlər naziri işğal faktına bəraət qazandırmaq üçün onu fəlsəfi cəhətdən əsaslandırmağa çalışır. O, Ermənistan qoşunlarının Azərbaycan ərazilərini işğalda saxlamasını “Dağlıq Qarabağ xalqının ekzistensial təhlükəsizliyi” adlandırır. Amma o, ekzistensial təhlükəsizlik deyəndə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.

Ekzistensializm XX əsrdə fəlsəfədə ziyalıların baxışlarına cavab verə biləcək yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi cərəyandır.

Ekzistensialistlərin fikrincə, rasional təfəkkürün əsas cəhəti ondan ibarətdir ki, o, subyekt və obyektin əksliyi prinsipindən çıxış edir. Ekzistensializmə görə, azadlıq ondan ibarətdir ki, insan təbii, yaxud sosial zərurətin təsiri altında formalaşan bir əşya kimi çıxış etməsin, özü-özünü seçsin, özünü hər bir hərəkəti, davranışı ilə formalaşdırsın.

Ekzistensialistlər üçün insan cəmiyyəti və insanların həyatı başdan-başa anlaşılmazlıq və qəti absurddan ibarətdir. İnsanlar arasında sevgi və bağlılıq yoxdur, ancaq seks var, adamlar arasında bütün insani münasibətlər qırılıb. Kişilər və qadınlar prinsipial şəkildə özlərinə qapanıblar, qarşılıqlı başadüşməməzliyə məhkumdurlar. Hər bir insan bir dünyadır. Ancaq bu dünyalar bir-biri ilə əlaqə saxlamırlar.
Dövlətin ekzistensial mənası isə ağlın gücünü qaydalaşdıraraq ondan təşkilat yaratmaqdan ibarətdir.

Mnatsakanyan görünür, yeni termin ortaya atmaqla Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini, eləcə də Dağlıq Qarabağdakı separatizmi rasional təfəkkürün məhsulu kimi təqdim etməyə münaqişəni isə subyektlə obyektin əksliyi kimi izah etməyə çalışır. Ekzistensial təhlükəsizlik dedikdə, çox güman ki, Mnatsakanyan işğal faktını ağlın və gücün vahid təşkilatlanması hesab edir. Dağlıq Qarabağdakı ermənilərin Azərbaycandan ayrılmaq istəyini isə “Hər bir insan bir dünyadır” prinsipininə aid edir. Ancaq Ermənistanın xarici işlər nazirinin bu yanaşması elə ekzistensializmin özündə ehtiva olunduğu kimi başdan-başa anlaşılmazlıq və qəti absurddan ibarətdir. Çünki ekszitensializm cəmiyyətdə bağlılığı deyil, bütün insani münasibətlərin qırılmasını nəzərdə turur. Bu baxımdan yanaşsaq, ermənilərin birləşmək ideyası ekzistensializmlə ziddiyyət təşkil edir. Ekzistensializmdə fərdlər bir-biri ilə əlaqə saxlamır. Bu baxımdan, gərək Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında əlaqə olmasın, qarşılıqlı başadüşməməzlik üstünlük təşkil etsin.

Mnatsakanyanın ekzistensializmə müraciət etməsi onun həddindən artıq idealist olmasından xəbər verir. O, Dağlıq Qarabağın işğalını rasional düşüncənin məhsulu kimi göstərməyə çalışsa da ekzistensializmin irrasional cərəyan olduğunu unutmamalıdır. Münaqişələr, terror, müharibələr istər Kantçılıqda, yaxud Darendorf yaxud Hantinqtonun nəzəriyyələrində irrasional düşüncədən doğan fəaliyyət kimi dəyərləndirib. Sülh isə rasional davranışın məhsuludur. Yəni ağıla və sağlam düşüncəyə əsaslanan adııdm atmağı tələb edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.