“Fars körfəzində İsrail təhlükəsinə görə siz cavab verəcəksiniz!” - İran XİN

25-08-2020, 07:01           
“Fars körfəzində İsrail təhlükəsinə görə siz cavab verəcəksiniz!” - İran XİN
Avqustun 24-də İran Xarici İşlər Nazirliyi (XİN) İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında bu yaxınlarda imzalanmış sazişi yenidən tənqid atəşinə tutub və xəbərdarlıq edib ki, bu ərəb monarxiyası Fars köfəzində «sionist rejimi»ndən qaynaqlanan istənilən təhlükəyə görə, məsuliyyət daşıyacaq. Bu barədə «Fars» agentliyi xəbər verib.

«BƏƏ və sionist rejimi arasında bağlanmış saziş - İslam dünyasının bədənində bir çapıqdır və bu sazişi bağlamaqla Əbu-Dəbi böyük səhv buraxıb. Biz, ümid edirik ki, onlar bu səhvi mümkün qədər tez bir zamanda düzəldəcəklər. İslam dünyası müqəddəs Əl-Qüdsə qarşı işlənmiş bu xəyanəti heç vaxt unutmayacaq» - deyə, bazar ertəsi Tehranda jurnalistlərə İran XİN-nin rəsmi nümayəndəsi Səid Xatibzadə bəyan edib.

İran XİN xəbərdarlıq edib ki, İsrail İranın Fars körfəzində müdafiə və təhlükəsizlik sahəsindəki doktrinasına daxil olmasa da əgər İsraillə əməkdaşlığı bölgənin sabitliyi üçün təhlükəyə çevrilərsə, BƏƏ məsuliyyətə cəlb olunacaq.

Xəbər verildiyi kimi, avqustun 20-də İran «öz ərazi sularında» BƏƏ-nin qeydiyyatında olan gəminin saxlandığını etiraf edib. Uyğun bəyanatla İslam Respublikasının Xarici İşlər Nazirliyi çıxış edib. Bu zaman XİN-də xatırladıblar ki, «günahkar gəmi»nin saxlandığı gün BƏƏ-nin sahil mühafizəsi iki İran balıqçısını güllələyib.

«Avqustun 17-də əmirliyin gəmisi İran sərhədçiləri tərəfindən ələ keçirilib, gəminin ekipajı isə ölkənin sularında qeyri-qanuni hərəkət etdiyinə görə, saxlanılıb - İran XİN-nin bəyanatında deyilir - Elə həmin gün BƏƏ hərbçiləri iki İran balıqçısını güllələyib və onların qayığını ələ keçiriblər… BƏƏ baş vermiş insidentə görə, təəssüf hissi keçirdiyini bildirib və çərşənbə günü (avqustun 19-u) öz məktubunda kompensasiya ödəməyə hazır olduğunu bəyan edib».

İnsidentdən sonra Tehranda qeyd ediblər ki, Fars körfəzində İran İslam Respublikasının maraqlarına əl qatılmasına dözməyəcəklər və öz vətəndaşlarının və gəmilərinin müdafiəsi üçün lazımi tədbirləri görəcəklər.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.