Ağ Ev Putinin gizli milyardlarının olduğunu təsdiqlədi, Kreml “təhqirdir” dedi
29-01-2016, 16:55
ABŞ maliyyə nazirinin müavini Adam Şubinin Rusiya prezidenti Vladimir Putinin illərdir korrupsiya yoluyla milyardlarla dollarlıq sərvət yığdığı və bunu məharətlə gizlətdiyi haqda BBC-yə dediklərinə Ağ Ev dəstək verib.
Virtualaz.org xəbər verir ki,yanvarın 28-də ABŞ prezidenti administrasiyasının rəsmi nümayəndəsi Coş Ernest keçirdiyi brifinqdə maliyyə nazirinin müavininin Putin barədə dediklərinin tamamilə Vaşinqtonun mövqeyini əks etdirdiyini deyib.
Xəbər verildiyi kimi ABŞ maliyyə nazirinin müavini BBC-nin Putinin pulları haqda araşdırması çərçivəsində bildirib ki, Rusiya prezidenti rəsmən dövlətdən ildə 110 min dollar maaş alır. Ancaq o, uzun illərdir milyardlarla dollar sərvət toplayıb və bu sərvəti gizlətməkdə mahirdir.
Jurnalistlərin Adam Şubinin bu sözlərinin Vaşinqtonun rəsmi mövqeyi olub-olmadığı haqda sualına Ağ Ev rəsmisi belə cavab verib: “Bu, Maliyyə Nazirliyinin qiymətləndirməsidir və administrasiyanın mövqeyini tamamilə əks etdirir”.
Qeyd edək ki, ABŞ rəsmiləri bundan əvvəl də Rusiya elitasında korrupsiya barədə bəyanatlar veriblər. Lakin ilk dəfədir ki, Birləşmiş Ştatlar rəsmiləri, Ağ Ev birbaşa prezident Putini hədəf alır.
Bəs Putin haqda bu faktlar məlumdursa o zaman ABŞ niyə Rusiya prezidentinə qarşı sanksiya tətbiq etmir? Coş Ernest bildirib ki, bundan əvvəl bir sıra Rusiya rəsmilərin və şirkətlərinə, o cümlədən Putinin ətrafına daxil olan şəxslərə sanksiyalar tətbiq edilib. “Biz bu məsələdə Avropadakı müttəfiqlərimizlə məsləhətləşirik. Lakin kimə qarşı sanksiya tətbiq etməyə hazırlaşdımızı heç vaxt əvvəlcədən elan etmirik”-Ağ Ev rəsmisi deyib.
Lakin Dövlət Departamenti Putinin milyardları haqda məsələyə Ağ Evdən daha ehtiyatlı yanaşıb. ABŞ xarici siyasət idarəsinin rəsmisi Mark Toner jurnalistlərin suallarına cavab olaraq deyib ki, Vaşinqton Rusiya hökumətindəki korrupsiya ilə bağlı situasiyadan narahatdır. Lakin prezident Putinin sərvəti haqda məlumatlara malik deyil. “Biz Rusiyada və digər ölkələrdə bütün səviyyələrdə korrupsiyadan narahatlıq bildiririk. Bununla belə cənab Putinin təxminən nə qədər sərvətə malik olduğu haqda məndə məlumat yoxdur”-Toner deyib.
ABŞ rəsmilərinin bu bəyanatlarına cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, “şef”, yəni Putin bu bəyanatlarla tanışdır və onları “tamamilə yolverilməz, bu səviyyədə ABŞ nümayəndələrinə yaraşmayan” bəyanatlar hesab edir.
“Dövlət başçısının ünvanına bu cür boğazdan yuxarı ittiham, təhqir səsləndirmək düzünü desəm hansısa analizə sığmır. Bizim üçün bunu təsəvvür etmək qətiyyən mümkün deyil. Düzünü desəm, məsələn mən ABŞ prezidentinin ünvanına bu cür təhqir desəydim yəqin ki, işdən azad edərdilər”-Peskov bildirib.
Putinin mətbuat katibinin fikrincə ABŞ bu bəyanatları Rusiyadakı 2018-ci il prezident seçkiləri ilə bağlı verir. “Onlar hətta bilmirlər ki, Putin bu seçkilərdə namizədliyini irəli sürəcək, ya yox. Ancaq görürük ki, okeanın o tayında bizim seçkilərə hazırlıqlar başlayıb”-Peskov deyib.