Gürcü kəşfiyyatı: - “Pankisi dərəsində...”
30-01-2016, 13:06
Hazırda Gürcüstanın Pankisi dərəsində vəziyyət normaldır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri söyləyib. Onun sözlərinə görə, hazırda bu bölgədə heç bir qruplaşma təlim keçirmir:
“Çatayevə gəlincə isə o, tamamilə qanuni əsaslarla azadlığa buraxılıb. Səhv olsa da, olmasa da, bu qərar artıq qəbul edilib. Biz deyə bilmərik ki, o, hansı ölkədə nəyi planlaşdırır. Əgər hər hansı məlumatımız olsa, təbii ki, bunun haqqında məlumatı öz tərəfdaşlarımızla bölüşəcəyik”.
Qeyd edək ki, bundan öncə Rusiya Milli Antiterror Komitəsi İŞİD-in daxilində “Təkqol” ləqəbli Əhməd Çatayevin rəhbərliyi altında olan bölmənin Avropada terror aktları həyata keçirəcəyi haqqında informasiya yayıb.
Əhməd Çatayev Rusiya vətəndaşıdır. O, 2012-ci ilin sentyabrında Gürcüstanın keçirdiyi xüsusi əməliyyat sayəsində həbs edilib. 2013-cü ildə isə Tiflis məhkəməsi onu tam azadlığa buraxıb. Çatayev Rusiya vətəndaşlarının Suriyaya axınını təmin edən böyük bir qruplaşmanı da nəzarət altında saxlayır.