Dünya Bankı Azərbaycanla bağlı bəyanat yaydı
30-01-2016, 22:07
Dünya Bankı və Azərbaycan hökuməti ölkənin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi və xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzunmüddətli kompleks tədbirləri müzakirə edir.
"Report" xəbər verir ki, bu barədə DB-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
Məlumata görə, qurum Azərbaycanda keçiriləcək islahatlara dəstək verməyə hazır olduğunu açıqlayıb: "Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır".
Qeyd edək ki, yanvarın 28-də DB-nin Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi missiya Bakıya səfərə gəlib. Məlumata görə, Azərbaycan hökuməti Dünya Bankından 1 mlrd. ABŞ dolları civarında kredit almaq istəyir və missiya məhz bu kreditin şərtlərini müzakirə etmək üçün gəlib.