Yeltsinin Bill Klintona Qarabağla bağlı məxfi məktubu – MƏTN

31-01-2016, 02:03           
Yeltsinin Bill Klintona Qarabağla bağlı məxfi məktubu – MƏTN
Fevralın 1-də Rusiyanın ilk prezidenti Boris Yeltsinin 85 yaşı tamam olacaq. Rusiyanın təhlükəsizlik sahəsində təhlil jurnalı olan “Qlobalaffaris” (“Rusiya beynəlxaq siyasətdə”) jurnalı Rusiyanın keçmiş prezidenti Boris Yeltsinlə ABŞ prezidenti Bill Klinton arasında 90-cı illərin ikinci yarısında aparılmış qapalı yazışmaların bəzilərini dərc edib.
İki ölkə rəhbərinin bir-birilərinə yazdıqları məktublarda dünyadakı problemlər və münaqişələrlə bağlı məsələlər müzakirə edilib. Rusiya və ABŞ prezidentlərinin açıqlanan qapalı yazışmalarında Qarabağla bağlı ilginc məqamlar var.
“Əziz Bill, Qafqaz bizim üçün mühüm regiondur”
Bu yazışmalardan biri də Dağlıq Qarabağla bağlıdır. Yeltsinin 12 iyul 1997-ci ildə Klintona yazdığı məktubda Cənubi Qafqazdakı mövcud münaqişələri “aktual beynəlxalq problem” adlandırır. “Əziz Bill” müraciəti ilə başlanan bu yazışmada Yeltsin qeyd edir ki, Cənubi Qafqaz regionu Moskva üçün mühüm əhəmiyyət kəsb edir. “Tarix elə gətirib ki, Zaqafqaziya bizim maraqlar üçün mühüm region olub. Rus siyasətinin bu regiona yönəlik əsas işi özünün cənub sərhədlərində sabitliyin təmin edilməsidir. Orada bizə dost olan Azərbaycan, Ermənistan və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı birgə səylərin aparılması mühüm olan məsələdir” -deyə Rusiya prezidenti Klintona yazır.
Yeltsin: “Hazırkı “nə sülh, nə müharibə” vəziyyəti yeni təhlükələr yaradır”
Qapalı yazışmada Cənubi Qafqazı postsovet məkanında “barıt çəlləyi” adlandıran Yeltsin Klintona yazır ki, Dqğlıq Qarabağ münaqişəsinin həll edilməməsi bölgədə yeni müstəqil dövlətlərin inkişafına mane olur və bütövlükdə Qafqazda vəziyyəti pisləşdirir. “Sən özün də başa düşürsən ki, bu vəziyyətin belə davam etməsi Rusiya üçün xüsusilə ağrılıdır. Biz BMT və ATƏT-in və digər maraqlı olan dövlətlərin köməyi ilə münaqişəni müsbət istiqamətə yönəldə bilmişik: Atəşkəs rejiminə riayət edilir, müvafiq danışıqlar prosesi aparılır. Amma hazırkı “nə sülh, nə müharibə” vəziyyəti yeni təhlükələr yaradır”.
“Heydər Əliyevi inandıra bildik ki…”
Daha sonra mərhum prezident Heydər Əliyevlə danışıqları barədə Klintona məlumat verən Yeltsin qeyd edir ki, Azərbaycan prezidenti ilə danışıqlar asan keçməyib. “Amma sonda Əliyevlə aramızda anlaşa bildik. Biz Heydər Əliyevi inandıra bildik ki, münaqişənin həll olunması üçün daha çevik və konstruktiv yanaşma vacibdir. Mən artıq XİN-ə münaqişə tərəfləri ilə bağlı aparılan işi intensivləşdirmək barədə göstəriş vermişəm”.
Bununla da Rusiyanın həlledici söz sahibi olmasına eyham vuran Yeltsin dərhal Klintonun ürəyini almaq üçün diplomatik ifadələrə keçir: “Əziz Bill, mən istəməzdim ki, sözlərim Rusiyanın Qarabağ məsələsində ayrıca xətt yürütməsi kimi başa düşülsün. Biz danışdığımız kimi gələcəkdə də Rusiya ABŞ və Fransanın iştirak etdiyi formatda hərəkət edəcəyik. Bu xətdən çəkilməyi düşünmürük”.
“Azərbaycan və Ermənistan anlasın stola qoyulmuş sülhdən başqa digər yolu yoxdur”
Daha sonra Yeltsin münaqişə tərəflərinə güclü təzyiqlər göstərilməsinə tərəfdar olduğunu yazır. “Vacib olan odur ki, münaqişə tərəfləri boyunlarının ardında bu üç böyük dövlətin nəfəsini daim hiss etsinlər. Azərbaycan və Ermənistan anlasınlar ki, üç dövlət tərəfindən danışıqlar stoluna qoyulmuş sülhə və razılığa aparan rasional və qeyri-standart təkliflərdən başqa onların digər yolu yoxdur. Ümid edirəm ki, biz yuxarıda qeyd etdiyim məsələlər barədə bir-birimizi anlaya bilərik. Biz öz tərəfimizdən ABŞ-la birgə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə işləməyə hazırıq.
Hörmətlə B.Yeltsin”.
Göründüyü kimi böyük dövlətlərin Qarabağla bağlı danışıqlarında daha çox öz sərhədlərinin təhlükəsizliyi və birgə maraq dairələrinin bölüşdürülməsi daha qabarıq nəzərə çarpır.
Xaqani SƏFƏROĞLU, strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.