Rusiya Gürcüstana yeni müdaxilə planı hazırlayır – Azərbaycan da hədəfdə

1-02-2016, 09:37           
Rusiya Gürcüstana yeni müdaxilə planı hazırlayır – Azərbaycan da hədəfdə
Gürcü prezidentin ABŞ və Avropa Birliyi ölkələri səfirləri ilə birgə təcili Pankisi dərəsinə baş çəkməsinin ilginc pərdəarxası; Qafqaz yenidən qarışa bilər...
Bu günlərdə Gürcüstanın xəbər lentlərində maraqlı bir məlumat keçdi. Xəbərə görə, prezident Georgi Marqvelaşvili ölkənin etnik çeçenlərin məskunlaşdığı və az öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun “terrorçuluq yuvası” adlandırdığı Pankisi dərəsinə səfər edib, burada yerli vətəndaşlarla, ağsaqqallarla söhbətləşib.

Məlumatın ən mühüm detalı isə odur ki, gürcü prezident Pankisi dərəsinə ABŞ və Avropa Birliyinin (AB) bu ölkədəki səfirləri ilə birlikdə yollanıb. “Məni sizin vəziyyətə baxışlarınız maraqlandırır. Sizinlə ünsiyyətdə olmaq istəyirəm. Gəlin gələcək haqda söhbət edək. Bu gözəl dərəni sizlər üçün daha cəlbedici və rahat necə edə bilərik?”, - deyə Marqvelaşvili yerli sakinlərlə təması zamanı bildirib.

Xatırladaq ki, son vaxtlar Moskva birbaşa və ya dolayı şəkildə guya Gürcüstan ərazisində terrorçuların mövcud olması mövzusunu qaldırır. Rəsmi Tiflis isə bu iddialara bəyanatla cavab verərək bildirir ki, Pankisi dərəsi tam nəzarət altındadır.

Bununla belə, Suriyada Bəşər Əsəd rejiminin əsas düşmənlərindən sayılan İŞİD-lə mübarizədə 4 ay ərzində ciddi uğura nail olmayan Moskva Pankisi dərəsinin “terrorçu yuvası” olduğunu iddia eləməkdə davam edir - həm də bu iddialar “Qazprom”la danışıqların getdiyi dönəmə təsadüf eləməsi ilə diqqət çəkməkdədir.

***
Sözsüz ki, terror iddialarının arxasında Rusiyanın daha uzaqgedən və məkrli hədəfləri gizlənir. Ehtimal ki, onlardan biri Pankisi dərəsinin potensial “qiyam yuvası” Çeçenistanla, Şimali Qafqazla həmsərhəd olması ilə bağlıdırsa (2-ci “Çeçen müharibəsi”ndə dərə Putinin ram edə bilmədiyi yeganə ərazi olub), ikinci hədəf Kremlin terrorçuluqla müharibəni bəhanə edib Gürcüstana yeni hərbi müdaxilə planı hazırlaması və bununla onu təhdid altında saxlaması ilə ilgilidir.

Məlumdur ki, son illər Azərbaycanın həm coğrafi, həm də geosiyasi anlamda “Qərb qapısı” sayılan Gürcüstanın ABŞ və AB üçün önəmi artıb. Qonşu ölkə AB-yə, NATO-ya sürətli inteqrasiya kursu götürüb. Ötən il burada Alyansın təlim mərkəzi açılıb və Gürcüstan NATO-ya üzvlüyün bir addımlığına gəlib. Bu isə Moskvada dəfələrlə açıq və güclü qıcıq doğurub.

Məsələn, Rusiya XİN-i Tiflisdə NATO mərkəzinin açılışını Qərbin “təxribatı və bölgəni qarışdırmaq cəhdi” kimi qiymətləndirmişdi. Bundan əlavə, Gürcüstan bölgədən Qərbə istiqamətlənmiş mühüm tranzit arteriyaları üçün əsas ölkə olaraq qalır ki, bu da şimal qonşumuzu narahat edir.

Yeri gəlmişkən, bu ilin sonunda Bakı-Tiflis-Qars dəmiryolu da istifadəyə veriləcək ki, nəticə etibarilə iki Güney Qafqaz ölkəsinin Rusiyadan iqtisadi-siyasi asılılığı bir qədər də azalacaq, uzaq Çin də daxil, onların Şərq-Qərb nəqliyyat dəhlizində rolu artacaq, Azərbaycanla Gürcüstanın iqtisadi gəlirləri çoxalacaq.

Sadalananlarb əlbəttə ki, ABŞ və AB-nin bölgəyə yönəlik prioritet maraqları sferasına daxildir. Ona da şübhə yox ki, Pankisi dərəsinə Gürcüstan prezidenti ilə yanaşı, ABŞ və AB ölkələri səfirlərinin də getməsini öncəliklə bu maraqlar - ilk növbədə gürcü dövlətçiliyini şimal hədələrinə qarşı dayanıqlı etmək imperativi zəruri edib.

Yəni bu, Moskvaya aydın bir mesajdır ki, Gürcüstan 2008-ci ildəki kimi tək deyil. Bu yerdə xatırladaq ki, ötən il ABŞ Senatının qəbul elədiyi sənədə əsasən, Gürcüstan, Ukrayna, Moldova və daha bir neçə postsosialist ölkəsi ABŞ-ın NATO-dan kənar müttəfiqi elan edilib.
***
Məlumat üçün bildirək ki, Rusiyanın yeni və aqressiv Hərbi Doktrinası terrorçuluqla mübarizə adı ilə Putinə istənilən həmsərhəd ölkəyə silahlı müdaxilə hüququ tanıyır. Belə bir müdaxilə söz yox ki, həm də son vaxtlar iqtisadi böhran üzündən “qaynamaqda olan” Şimali Qafqaza və qonşu Azərbaycana da bir güc nümayişi olardı.

Söz düşmüşkən, bu arada Rusiya prezidenti Vladimir Putinlə Çeçenistanın marionet rəhbəri Ramzan Kadırovun münasibətlərinşt pozula biləcəyi və Şimali Qafqazda situasiyanın gərginləşəcəyi haqda ilginc informasiya yayılıb. Belə bir iddia ilə gürcü kökənli tanınmış rusiyalı ekspert Nikolay Svanidze çıxış edib.

Onun sözlərinə görə, Kadırov Putinin vassalıdır, ancaq bu, hələ hər şey demək deyil. Sitat: “Kadırov öz rəhbərindən irəliyə doğru qaçır. Başçı heç kimi önə buraxmamalıdır. Kadırov isə buna məhəl qoymadan başçıya (Putinə -red.) düşmənləri, onlarla necə mübarizə aparmaq qaydalarını söyləyir. Hazırkı şəraitdə əsas məsələ ölkənin iqtisadi vəziyyətinin dəyişməsidir. Çeçenistan dotasiyalar hesabına yaşayan regiondur.

İndi Kadırov ölkənin müxtəlif yerlərində aksiyalar keçirməklə göstərir ki, mənim arxamda güclü qüvvə var və buna görə də mənim pulumu kəsməyin. Kadırovun nizamlı ordusu var. Bu ordu şəxsən ona tabedir. Vassalımın vassalı mənim vassalım deyil. Yəni Putin bu orduya heç bir əmr verə bilməz. Kremlin atacağı ilk səhv addım bu regionda qarışıqlığa səbəb olacaq”.

Yada salaq ki, az öncə Kadırovun Rusiya müxalifəti ilə bağlı məlum çıxışı böyük etirazlara səbəb olmuşdu. Lakin aksiyalar təkcə Kadırov əleyhinə olmayıb. Məhz çeçen lideri və ətrafının fəaliyyəti nəticəsində Qroznı və Dağıstanın bir neçə şəhərində Ramzan Kadırova dəstək aksiyası keçirilib.

***
Başqa sözlə desək, Putinin “çeçen kartı”nı təzədən işə salacağının mümkünlüyü diqqətdən yayınmamalıdır. Rusiyanın davranışında bu kimi gəlişmələr isə Azərbaycan üçün də yaxşı heç nə vəd eləmir. Unutmaq lazım deyil ki, Azərbaycanın qeyri-ənənəvi radikal islami təriqətlərin yayıldığı şimal bölgəsinə Rusiyanın müdaxilə imkanları qalır. Bəzi məlumatlara görə, həmin regionun əhalisinin gəlirləri birbaşa Rusiyaya bağlı olan kəsiminə çoxdan Rusiya pasportları (vətəndaşlığı) verilib.

Onu da nəzərdən qaçırmaq olmaz ki, Kreml Dağlıq Qarabağda sülhməramlı adı altında hərbi kontingentini yerləşdirmək üçün neçə vaxtdır vasitə və bəhanələr axtarır, “erməni kartı”ndan faydalanmağa çalışır, rəsmi Bakını razı salmağın yollarını arayır. Qarabağdakı rus sülhməramlılar isə bölgənin gec-tez Moskvanın tabeçiliyinə keçməsi deməkdir. 2008-cilin “5 günlük müharibə”si zamanı Abxaziya və Cənubi Osetiyanın zorla Rusiyaya birləşdirilməsi timsalında bunu bütün dünya artıq əyani görüb.

Lakin bir təsəlliverici məqam var ki, Rusiya indi 2008-ci ildəki kimi qüdrətli, iqtisadi cəhətdən güclü və şanslı deyil, ona qarşı effektli beynəlxalq sanksiyalar işləyir. Digər bir yandan, artıq Qərb (ABŞ və Avropa Birliyi) “5 günlük müharibə”dən özü üçün ciddi nəticələr çıxarıb. Üstəgəl, Krımın ilhaqı presedenti. Qərb diplomatlarının Pankisi dərəsinə getməsi bu qənaəti yalnız gücləndirir.

Yekunda əlavə edək ki, bölgə və onun ətrafında situasiyanın hansı istiqamətdə inkişaf tapacağı müstəsna olaraq, getdikcə sanksiyaların daha ağır yükünü öz üzərində hiss etməkdə olan Putinin nə dərəcədə praqmatik qərarlar verəcəyindən asılı olacaq.musavat/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.