Rusiya kəşfiyyatı Misirdə partladılan təyyarəyə görə “Boz qurd”dan şübhələnir - Rusiya nağıl danışmaqdan yorulmur
1-02-2016, 12:28
Belə görünür ki, Rusiya ötən il oktyabrın 31-də Misirin Sina yarımadası üzərində partladılan sərnişin təyyarəsindən Türkiyəyə qarşı təzyiq və təbliğat elementi kimi istifadə etməyə cəhd edir.
Virtualaz.org xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti bu terror aktında “İslam dövləti” terror birləşməsi ilə əlaqəli olan “türk milliyətçi qruplaşmasından” şübhələnir. Bu haqda “Kommersant” yazıb.
FTX ekspertlərinin fikrincə bu terror aktında türk millətçi təşkilatı “Boz qurd”un əli var. Qəzet iddia edir ki, “Boz qurd”un özəkləri bir çox ərəb ölkələrində, o cümlədən Misirdə fəaliyyət göstərir. Xatırladılır ki, bu təşkilat 1960-cı illərin sonlarında kommunistlərə qarşı mübarizə üçün MHP tərəfindən yaradılıb. Bir sıra siyasi qətllər və terror aktları törədib, o cümlədən təşkilatın üzvü Roma papasına sui-qəsd edib.
“Hazırda “Boz qurd”un fəaliyyəti Qazaxıstan, Türkiyə, Özbəkistan və Azərbaycanda qadağan olunub”-qəzet iddia edir.(??) Rusiya xüsusi xidmət orqanlarının məlumatlarına görə “Boz qurd” 90-cı llərin əvvəllərində Çeçenistanda gedən döyüşlərdə də iştirak edib. Habelə Suriyanın Türkiyə ilə sərhədində vurulan Su-24 bombardmançısının pilotunu öldürənlər də bu təşkilatın üzvləridir. Lakin “Boz qurd”un Sina yarımadası üzərində “İslam dövləti” terror təşkilatı tərəfindən partladılan sərnişin təyyarəsinə bağlılığını göstərən hər hansı dəlil irəli sürülmür.
Ötən həftə “Reuters” xəbər verib ki, təyyarənin göyərtəsində partlayıcı maddəni Misirin Şarm-əl-Şeyx aeroportunda mexanik işləyən “İslam dövləti” tərəfdarı yerləşdirib. Onun qardaşının İŞİD sıralarında döyüşdüyü məlum olub. Həmin şəxs təyyarədə bomba yerləşdirdikdən sonra işə çıxmayıb və hazırda yeri məlum deyil. Terror aktı ilə bağlı aeroportda işləyən iki polis, yükdaşıyan həbs olunub. Onların terror aktını həyata keçirən mexanikə kömək etdiyi ehtimal olunur.