ABŞ erməniləri Bakının istəmədiyi borca görə Kerriyə yazdı: - “Verməyin...”
2-02-2016, 13:04
Azərbaycan rəhbərliyi Beynəlxalq Valyuta Fondundan və Dünya Bankından iddia edilən 4 milyard dollarlıq təcili maliyyə yardımı paketi xahiş etmədiyini bəyan etsə də Qərb mediası hələ də bu iddianı tirajlamaqdadır. Üstəlik Amerikadakı erməni lobbisi tələm-tələsik rəsmi Vaşinqtonu Azərbaycana borc verilməsini əngəlləməyə çağırıb.
Virtualaz.org xəbər verir ki, Azərbaycanın BVF-dən və Dünya Bankından təcili maliyyə yardımı paketi xahiş etdiyini bu dəfə “Reuters” agentliyi xatırladır. Agentlik “Azərbaycanın ardınca Afrikanın iki iri neft ixracatçısı Nigeriya və Anqolanın da Dünya Bankından yardım paketi xahiş etdiyini” bildirir.
Anqolanın rəsmi dövlət agentliyi xəbər verir ki, Dünya Bankı ilə “islahatlara maliyyə dəstəyi proqramı” ətrafında danışıqlar aparıb. Lakin Afrikanın bu ikinci ən iri neft ixracatçısının hansı islahatları aparmaq fikrində olduğu məlum deyil. Bundan əvvəl “Financial Times” Nigeriyanın Dünya Bankından və Afrika İnkişaf Bankından artan büdcə kəsirlərini örtmək üçün 3.5 milyard dollar xahiş etdiyini xəbər vermişdi.
Dünya Bankının mətbuat katibi Devid Tays “Reuters”ə bildirib ki, Nigeriya və Anqola ilə danışıqlarda maliyyə yardımının göstərilməsi üçün siyasi islahatların aparılması şərti qoyulub. Habelə bu Afrika ölkələri yardım almaq üçün milli valyutalarını devalvasiya etməlidir.
Xatırladaq ki, Azərbaycan hökuməti ilə danışıqlarda Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının nümayəndə heyətinin beş şərt irəli sürdüyü məlum olub. Bunlar geniş özəlləşdirmə, dövlət aparatında ixtisarlar, real məhkəmə islahatları, əmək haqları, pensiya və dövlət xərclərinin dondurulması, ÜTT-yə daxil olmaq.Mənbənin məlumatına görə, hökumət beş şərtdən yalnız ikisi ilə razılaşıb. Nəticədə beynəlxalq qurumlar kreditin verilməsini mümkünsüz hesab ediblər. Hərçənd ki, Azərbaycan prezidenti və maliyyə naziri kredit xahişinə dair iddiaları rədd ediblər. Rəsmilərin bildirdiyinə görə, danışıqlar Azərbaycanda islahatlar proqramına texniki dəstək imkanlarını araşdırmağa yönəlmişdi.
Rəsmi Bakı beynəlxalq kreditorlardan borc xahiş etmədiyini israrla bəyan etsə də ABŞ-dakı erməni təşkilatları Qərb mediasının tirajladığı bu xəbərlərdən sonra dövlət katibi Con Kerriyə və maliyyə naziri Cek Lyuya məktub göndərərək “Azərbaycana pul verməməyi” tələb ediblər.
Amerika Erməni Assambleyasının göndərdiyi məktubda deyilir ki, Birləşmiş Ştatlar vergi ödəyəcilərinin pullarının “Ermənistanı blokadada saxlayan və Qarabağ ermənilərini hərbi güclə təhdid edən” Azərbaycana ayrılması yolverilməzdir. Məktubda deyilir ki, Birləşmiş Ştatlar Byenəlxalq Valyuta Fondunun və Dünya Bankının aparıcı üzvü kimi Azərbaycana istənilən maliyyə dəstəyinə qarşı çıxmalıdır.
Beləliklə, göründüyü kimi beynəlxalq kreditorlar və onların arxasında dayanan güc çevrələri növbəti dəfə bu və ya digər ölkəyə borc verilməsini siyasi təzyiq elementinə çevirirlər. Bu, istər Afrika ölkələrinə, istər Azərbaycana münasibətdə belədir və Azərbaycan rəhbərliyi həmin kreditorlardan borc istəməməkdə haqlı olduğunu bir daha sübut edir.