Neft böhranı BP-ni də müflisləşdirib: 91% geriləmə və 7 min işçi ixtisarı
3-02-2016, 08:07
İngilis enerji şirkəti BP-nin qazancı ötən ilin dördüncü rübündə 2014-ci ilin eyni dövrünə nisbətən 91% geriləyib: 2,2 milyard dollardan 196 milyon dollara.
Strateq.az xəbər verir ki, bu göstərici şirkətin son 30 illik tarixində ən aşağı səviyyədir. Neftin qiymətinin enməsiylə xeyli kasıblaşan BP növbəti 2 il ərzində 7 min işçisini ixtisara salmağa hazırlaşır.
BP-nin açıqlamasına görə, şirkətin bir illik itkisi də xeyli çoxdur. Şirkət ötən il cəmi 5.9 milyard dollar qazanc əldə edib. Bu isə 2014-cü ilin 12.1 milyard dollarlıq qazancıyla müqayisədə 51% geriləmə deməkdir.
Şirkət ilin yekunlarına dair hesabatını açıqladıqdan dərhal sonra onun səhmləri London birjasında 7.2 % dəyərini itirib.
Son illərin ən mənfi maliyyə durumunu açıqlayan BP vəziyyətdən çıxmaq üçün növbəti iki ildə daha 3 min işçisini ixtisara salacağını gizlətməyib. Daha əvvəl 4 min adamı işdən çıxarılacağını açıqlayan şirkətin “qara dəftərinə” düşənlərin sayı, beləcə, 7 minə yüksəlib.
BP-nin yüksək səlahiyyət sahiblərindən olan BOB Dudley sözügedən qərarı şərh edərkən deyib:
"Dəyişilən fəaliyyət mühitinə adaptasiya olmağa, bazarın tələblərini qiymətləndirib vəziyyətimizi şəraitə uyğunlaşdırmağa çalışırıq. Xərclərimizi azaltmaq məsələsində irəliləyişlər var”.