Ermənistan zirzəmilərində sahibsiz cəsədlər haqda İLGİNC MƏQAM - “Muzdluların Qarabağda ermənilər tərəfdə döyüşdüyünü təsdiqləyir”

3-06-2021, 16:17           
Ermənistan zirzəmilərində sahibsiz cəsədlər haqda İLGİNC MƏQAM -
Ermənistanda morqun dəhlizlərində üst-üstə qalaqlanan kisələrdə saxlanılan erməni hərbçilərin cəsədləri ətrafında qalmaqal davam edir.

"Morqda saxlanılan 149 cəsəddən götürülmüş DNT-nin nəticələri hələ də heç bir valideynlə uyğunlaşmayıb”.

Bu sözləri Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan yerli mediaya verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, Tibbi-Ekspertiza Mərkəzinin Abovyan bölməsinin zirzəmisində döşəməyə atılmış 44 cəsədin qalıqları bir neçə gün əvvəl Metsamor morqundan və xüsusi soyuducu maşınlardan daşınıb: ““Hərbi əsir”lərin yaxınlarının əksəriyyəti deyir ki, gəlin, məsələni siyasiləşdirməyək. Valideynlər Nikol Paşinyandan hesabat tələb etmək əvəzinə tibb bacılarını acılayırlar. Bu faciədə günahkar yalnız odur. Başqa günahkarlar axtarmağa ehtiyac yoxdur".

İndi müzakirə olunan məsələlərdən biri də heç bir valideynin DNT-sinə uyğun gəlməyən cəsədlərin kimə məxsusluğudur. Hərbi əməliyyatların başladığı 27 sentyabrda işğalçı ölkənin 30 illik “güclü ordu” mifi darmadağın edildi. Azərbaycan Ordusu bütün cəbhə boyu təmas xəttini yardı, düşmənin minlərlə canlı qüvvəsini məhv etdi. Ermənistan 6 mindən çox hərbçisini itirdi. Müharibə vaxtı fərarilik hallarının yaratdığı boşluğu Ermənistan tərəfi muzdlularla doldurmağa cəhd etdi.

Livan, Suriya, Rusiya, Gürcüstan, Ukrayna, Avropa ölkələri, ABŞ, hətta Argentiada yaşayan ermənilər, yezidi kürdlər arasında qanunsuz şəkildə Qarabağda döyüşə gələnlər oldu. Onlar bunu “ermənilərin Qarabağ uğrunda könüllü səfərbərliyi” kimi tədim etməyə cəhd göstərsələr də, həqiqət olduğu kimi qalır. Bunlar muzdlular idi və müəyyən şərtlər qarşılığında Qarabağda döyüşə gəlmişdilər.

Ermənistanın Diaspor İşləri üzrə komissarı Zare Sinanyan “Sputnik Ermənistan”a bildirmişdi ki, “könüllülər” əsasən Rusiyadan gəlir. Bununla yanaşı, ABŞ, Fransa, Ukrayna və Orta Şərqdən də gələnlər var. Bundan başqa “France24” kanalı Qarabağda döyüşən erməni əsilli fransız muzdlular haqqında xəbər hazırlamışdı. Sipan Muradyan Val-de-Marne departamentindəki Alfortville şəhərindəndir. Onunla birlikdə Sipan Koroqlyan və adlı ermənilər Qarabağda döyüşən fransız muzdlu ermənilər haqqında xəbər yayımlamışdı. Videogörüntülərdə Sipan Muradyan və Sipan Koroqlyan, eləcə də ABŞ və Fələstindən gələn 15 erməninin də döyüşdüyü görünür.

“Röyters” agentliyi də Ermənistan Müdafiə Nazirliyinə istinadən xarici ölkələrdəki erməni diasporunun bəzi üzvlərinin Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün gəldiyi haqqında xəbər yaymışdı. “ABŞ və Argentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib. Ermənistana təxminən 140 min ermənini yaşadığı Livandan gələnlər də az deyil. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib”, - deyə agentlik yazırdı. Livan parlamentinin deputatı, “Daşnaksütyun”un Livandakı lideri Akop Pakradunyan da bildirib ki, 20-dək erməni döyüşmək üçün Ermənistana gedib.

Azərbaycan tərəfi müharibə getdiyi dönəmdə də Ermənistan tərəfdən muzdluların döyüdüyünü beeynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Dövlət Təhlükəsizliyi Xidməti ötən il oktyabrın 6-da Qarabağda döyüşən PKK terrorçularının səs yazısını yayıb. Hələ müharibənin başlanmasından bir neçə həftə öncə PKK terrorçularının Qarabağa gətirildiyi haqda da məlumatlar vardı.

Azərbaycan tərəfi Livandan gətirilən snayper qadın Maral Nacaryanı ötən il noyabrın 10-da Laçında əsir alıb, bir müddət sonra humanizm prinsipləri nəzərə alınaraq o, ölkəsinə təhvil verilib.

Belə faktlar Birinci Qarabağ müharibəsində də az olmayıb. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfdən döyüşlərdə muzdlulardan geniş istifadə edilib və indi həmin muzdluların cəsədlərinə də sahib çıxan tapılmır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas Cebhe.info-ya bildirib ki, ortada qalan cəsədlər muzdlularındır:

“Müharibə vaxtından bu yana 11 əsgərimiz hələ itkindir. Azərbaycanda itkinlərin siyahısı doğru tutulub, bu, 11 yox, 13 olsaydı, onların da ailəsi deyəcəkdi ki, balam hanı, niyə siyahılarda yoxdur? Ermənilər DNT testini də düz aparmırlar. Ortada qalan cəsədlər Suriyadan, İraqdan və digər ölkədən döyüşməyə gələnlərindir, sahibi yoxdur. Gördünüz də, ermənilər cəsədləri harada saxlayır? Allahın soyuducusunda belə saxlamırlar, iylənmiş yerlərdə saxlayırlar. Onlar kənardan Qarabağa döyüşməyə gələnlərin cəsədləridir. İndi Ermənistanda kimdir düşüb Suriyada, ya da İraqda ölənin dədəsini, nənəsini axtaran. Ermənilər heç özlərinin dədəsini- nənəsini tapa bilmir”.

Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşa da bildirib ki, ermənilər tərəfdən muzdlu döyüşçülər hər zaman olub:

“Artıq cəsədlərin olması, DNT analizlərinin uyğun gəlməməsi o deməkdir ki, onlar qeydiyyatda olmayan insanlardır. Əgər Ermənistanda qeydiyyatda deyillərsə, deməli əcnəbilərdir və muzdla döyüşüblər. Ermənilər tərəfdən həmişə muzdulular döyüşüb. Ərəb ölkələrindən gələnlər, PKK-çılar Azərbaycana qarşı vuruşub. Ermənistan həmişə Azərbaycanı ittiham etməyə cəhd göstərib ki, guya bizdə muzdlular döyüşüb, ancaq bunu təsdiqləyən bircə fakt belə yoxdur.

İndi Ermənistan tərəfinin morqun zirzəmisində saxlanılan və DNT-si kimsəylə uyğunluq təşkil etməyən cəsədlərlə bağlı açıqlamaları da muzdlularla bağlı bizim dediklərimizi təsdiqləyir. O cəsədlər müxtəlif ölkədə yaşayan ermənilərin və muzduluların cəsədləridir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.