İki nəhəngi qarşı-qarşıya gətirən layihə - “Şimal Axını-2" reallaşacaq, yoxsa...?

4-06-2021, 11:58           
İki nəhəngi qarşı-qarşıya gətirən layihə -
Rusiyanın Ukraynanı cəzalandırmaq məqsədilə bu ölkədən kənar ərazidən Avropaya çəkdiyi “Şimal Axını -2" qaz boru kəməri ətrafında qalmaqal səngimək bilmir. İllik ötürücülük gücü 55 milyard kubmetr olan iki kəmərin tikintisi 95 faiz yekunlaşsa da, ABŞ onun başa çatdırılaraq istismara verilməsinin qarşısını almağa çalışır.

Vaşinqtonda hesab edirlər ki, kəmər yalnız Ukraynanı milyardlarla dollarlıq tranzit haqqından məhrum etməyərək, həm də Avropanın Rusiyadan olan qaz asılılığını daha da gücləndirəcək. Buna görə də 2019-cu ilin dekabrından bəri dəfələrlə layihənin icrasında iştirak edən şirkətlərə yönəlik sanksiyalar qəbul edib. Bu sanksiyalar nəticəsində 2019-cu ildə istismara verilməsi nəzərdə tutulan kəmərlər hələ də işləməyə başlamayıb.

İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkəsinin layihənin 2021-ci ilin sonunadək başa çatacağına inandığını deyib: “İş dayanmayıb, davam edir. Operator və iştirakçı şirkətlər onun reallaşmasını davam etdirirlər. Biz ümid edirik ki, bu ilin sonuna başa çatacaq. Hər halda, mən dəqiq tarix söyləmək istəmirəm, bu, tikintini həyata keçirənlərdən, hava şəraiti, texnoloji və texniki şərtlərdən asılıdır. 100 km hissə qalıb ki, boru kəməri düzülməyib”.

May ayında ABŞ prezidenti Co Bayden Rusiya ilə münasibətləri yumşaltmaq məqsədilə ölkəsinin layihəninin opreatoru olan “Nord Stream 2 AG” şirkətini sanksiya siyahısına salmayacağını açıqladı. Bu açıqlamadan sonra mayın 21-də sanksiya siyahısı açıqlandı, məlum oldu ki, orada yalnız kəmərin tikintisində iştirak edən 13 Rusiya gəmisinin adı var. Bundan sonra respublikaçı Maykl Makkolun başçılığı ilə ABŞ Konqresinin xarici işlər komitəsinin 21 üzvü prezident administrasiyasına müraciət edərək “Nord Stream 2 AG” şirkətinin sanksiyaların əhatəsinə salınmasını tələb etdilər. Onlar ABŞ dövlət katibi Entoni Blinkendən şirkətin adının sanksiya siyahısından çıxarılmasının izahatını istəyərək, kəmərin işə düşməsi ilə Rusiyanın “Avropadakı stabilliyi pozan fəaliyyətinin” davam etməsinə gətirib çıxaracağını bildirirlər. Konqresmenlər həmçinin yeni administrasiyanı Almaniyanın mənafeyini bütün Avropanın mənafeyindən üstün tutmaqda suçlayıblar: “Administrasiya təcili olaraq kritik əhəmiyyətli sanksiyaları ləngitməsinin səbəbini açıqlamalıdır”.

Mayın son günlərində isə məlum oldu ki, Almaniya hökuməti Vaşinqtona ölkələr arasındakı ziddiyyətli məsələləri, o cümlədən “Şimal Axını-2" layihəsi ilə bağlı məsələni müzakirə etmək üçün nümayəndə heyəti göndərib. Heyətə Almaniya kanslerinin xarici siyasət məsələləri üzrə məsləhətçisi Yan Hekker və iqtisadi məsələlər üzrə məsləhətçi Lars-Hendrik Reller, həmçinin Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Antye Lendertse daxildir.

Almaniyanın xarici işlər naziri Xayko Maas NATO ölkələrindən olan həmkarları ilə virtual görüş zamanı ölkəsinin Vaşinqtona nümayəndə heyəti göndərdiyini təsdiq edib. Onun sözlərinə görə, hazırda tərəflər arasında “Şimal Axını-2" layihəsi ilə bağlı müzakirələr gedir. Nazir Berlinin layihə üzərindən sanksiyaların götürülməsi üçün yollar axtarmağa hazır olduğunu bəyan edib: ”Biz açıq bəyan etdik ki, mübahisəli məsələlərin həlli üçün ümumi yolun axtarılmasına hazırıq". Lakin Maas özü də etiraf edib ki, belə bir yolun tapılması yaxınmüddətli dövrdə olmayacaq

Almaniya nümayəndələri Baydenin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan və ABŞ ticarət nümayəndəsi Ketrin Tayla görüşməlidilər.

Maasın açıqlamasından sonra dünən Almaniya Nazirlər Kabinetinin rəsmisi Martina Fits nümayəndələrinin Vaşinqton səfəri barədə əlavə məlumat verməkdən imtina edib: “Məsləhətçilərin səfərləri Almaniya-Amerika əməkdaşlığında normal praktikadır. Bu danışıqlarla bağlı bizə heç bir əlavə açıqlama verməyəcəyik”.

Bu arada Almaniyanın ekoloji təşkilatları layihənin icrasının dənizdə və quruda ətraf mühitə zərəri ilə bağlı getdikcə daha aktiv fəaliyyətlərə keçirlər. Dünən məlum olub ki, ölkənin nüfuzlu Deutsche Umwelthilfe (DUH) təbiəti mühafizə təşkilatı Almaniya Gəmiçilik və Hidroqrafiya üzrə Federal İdarəsinə ölkə sularında “Şimal Axını-2"nin tikintisinin dayandırılması tələbi ilə müraciət edib. Təşkilatın borudüzmə əməliyyatının ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesi başa çatanadək tikintinin dayandırılmasını istəyib. Təşkilat Almaniya Federal Konstitusiya Məhkəməsinin martda qəbul etdiyi və hökuməti karbon qazı emissiyasının azaldılması və iqlimin mühafizəsi üzrə planlarını dəqiqləşdirməyə vadar edəcək qərarına əsaslanıb.

DUH-dan əvvəl isə Almaniyanın Deutsche Umwelthilfe və NABU adlı ekoloji təşkilatları da kəmərin əleyhinə bir sıra addımlar atıblar. Onlar da Almaniya Gəmiçilik və Hidroqrafiya üzrə Federal İdarəsindən kəmərin Almaniya sularında tikilməsi üçün verilən icazəni geri çağırmasını tələb ediblər.

Almaniya Gəmiçilik və Hidroqrafiya üzrə Federal İdarəsi DUH-un müraciətinin çox diqqətlə araşdırılacağını bəyan edib.

Qeyd edək ki, Almaniya ilə ABŞ arasında kəmərlə bağlı razılığın əldə olunması az ehtimal olunur. Almaniya rəsmilərinin Vaşinqton səfəri yalnız kəmərlə bağlı müzakirələrin aparılması məqsədi daşımır. Avropa Birliyinin hərəkətverici gücü olan Almaniya ilə ABŞ arasında bir sıra mübahisəli iqtisadi məsələlər mövcuddur. Bunların arasında müəyyən mallara qarşılıqlı idxal rüsumlarının tətbiqi, ABŞ mənşəli böyük kommunikasiya şirkətlərinin (Facebook, Apple və sair) Avropada vergitutmaya cəlb edilməsi və sair məsələlər də var. İyunun ortalarında ABŞ prezidenti Co Baydenin Avropaya səfəri başlayır və Almaniya, böyük planda isə Avropa Birliyi bu məsələlər üzrə əvvəlcədən müəyyən razılaşmaların əldə olunmasına çalışırlar. Bu, səfər çərçivəsində aparılacaq müzakirələrin konstruktivliyini təmin etmək, daha çox isə ziddiyyətlərin dərinləşməsinin qarşısını almağa imkan verə bilər.

Analitiklər hesab edirlər ki, ABŞ administrasiyasının “Şimal Axını-2"nin operatorunun adını sanksiya siyahısına salmamasına baxmayaraq, bu layihə ilə bağlı əsas qərar Bayden-Putin görüşündə qəbul ediləcək.

Rusiya da layihə ilə bağlı prosesi irəlilətmək üçün müəyyən addımlar atmaqdadır. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun iyunun 2-də ölkəsinin Ukrayna ərazisindən qaz tranzitini azaltmayacağını bəyan etməsi belə addımlardan biridir. Rusiya ABŞ-ı buna əmin etməklə kəmərin istismara verilməsinə nail olmağa çalışır. Lakin ABŞ Rusiyanın verdiyi sözlərə əməl etmək sahəsində necə qeyri-mötəbər olduğunu dəfələrlə müşahidə edən bir tərəf kimi böyük ehtimalla, Moskvadan Ukrayna ilə bağlı əlavə təminatlar istəyəcək.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.