Gürcüstan Prezidenti: “Mixeil Saakaşvilinin ləyaqəti qorunmalıdır”

17-11-2021, 18:54           
Gürcüstan Prezidenti:
Gürcüstanın Prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin türmə xəstəxanasına yerləşdirilməsini əks etdirən videokadrların yayılmasını pisləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, keçirdiyi xüsusi brifinqdə bildirib.

S.Zurabişvili qeyd edib ki, qanun qarşısında hamı bərabərdir və keçmiş prezidentin həbsi qanunun aliliyi prinsiplərinə əsaslanıb.

Onun sözlərinə görə, hazırkı hakimiyyət sələfi - M.Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyasına bənzəməməlidir: “Mixeil Saakaşvili xüsusi məhbusdur. Cəmiyyət və beynəlxalq ictimaiyyət ona qarşı ən yüksək standartların tətbiqini tələb edir. Keçmiş prezidentin ləyaqəti onun davranışına baxmayaraq, qorunmalıdır. Belə ki, keçmiş prezident hər necə olsa, dövlətlə bağlıdır və bu statusa hörmət edilməlidir. Buna müvafiq olaraq, onun şərəf və ləyaqətini ləkələyən kadrların yayılması qətiyyən yolverilməzdir”.

Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, noyabrın 8-də Qldani həbsxanasının klinikasına yerləşdirilib. Xüsusi Penitensiar Xidmətin yaydığı videokadrlarda M.Saakaşvilinin xəstəxanaya zor gücünə daxil edilməsi əks olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru