Kremlin əlaltısı olma!.. - “The Times” Almaniyanı “Şimal axını-2”-dən imtina etməyə çağırdı...
21-11-2021, 00:07

Rusiya Ukraynaya təzyiq göstərmək üçün “Şimal axını-2”-dən istifadə edir, ona görə də Berlin qaz kəmərinin sertifikatlaşdırılmasını tamamilə dayandırmalıdır.
Teref.az Moderator.az-a istinadən xəbər verir ki, bunu “The Times” qəzetinin redaksiyası əminliklə bildirir. Britaniyalı jurnalistlərin fikrincə, Almaniya “Kremlin şəriki roluna” yenidən baxmalı və Rusiyanın karbohidrogenləri ilə Şərqi Avropada sülh və sabitliyə sadiqlik arasında düzgün seçim etməlidir.
Enerji bazarının qeyri-sabitliyini nəzərə alaraq, normal şəraitdə Qərbi Avropaya qaz tədarükünü artırmaq üçün istənilən təşəbbüs alqışlanmalıdır. Bununla belə, “The Times” yazır ki, bu gün “Şimal axını-2”-yə qarşı arqumentlər təkzibedilməz görünür. Nəşrin jurnalistlərinin redaksiya yazısında qeyd etdiyi kimi, bu kəmər Ukraynanın sabitliyinə xələl gətirərək Rusiyanın qaz ixrac imkanlarını ikiqat artıracaq, ona görə də Almaniya Kremlin əlaltısı roluna yenidən baxmalıdır, çünki öz təsirini gücləndirən Putinin düşmənçiliyi qarşısında dünyanın beynəlxalq həmrəyliyə hər zamankından daha çox ehtiyacı var.
Britaniya nəşrinin əməkdaşlarının fikrincə, Moskva yeni kəmərə Ukraynanı zəiflədə biləcək bir alət kimi baxır və buna görə də “Şimal axını-2” Berlinlə qaz kəmərinin əleyhinə çıxan ABŞ, Britaniya və Fransa arasında mübahisə predmetinə çevrilib. Bununla belə, məqalə müəlliflərinin fikrincə, Berlin Kiyev üçün təhlükənin ciddiliyini qəbul etmir.
“Almaniyanın Avropanı şantaj edən Putinin əlaltısı rolunda çıxış etməsi həmişə tənqid olunub. İndi Rusiya qoşunları Ukrayna sərhədində cəmləşdiyindən onun mövqeyi bağışlanmazdır. Ukraynanın öz müqəddəratını təyinetmə hüququ və təhlükəsizliyi Qərb üçün eyni dərəcədə strateji maraq və mənəvi prinsip məsələsidir”, - deyə “ The Times” jurnalistləri yazır.
Onlar əmindirlər ki, yalnız qəti addımlar Vladimir Putini Ukraynaya qarşı təhdidlərdən saxlayacaq və Almaniya buna öz töhfəsini verməlidir. Bu gün boru kəmərinin sertifikatlaşdırılması hüquqi rəsmiyyətlərə görə təxirə salınıb, lakin tamamilə ləğv edilməlidir. “Boris Conson Almaniyaya nəhəng yeni boru kəmərlərində Rusiyanın karbohidrogenləri və Şərqi Avropada sülh və sabitliyə sadiqlik arasında seçim etməli olacaq xəbərdarlığını edərkən haqlı idi. Hadisələrin axarı bunu açıq-aşkar sübut edir”, - deyə materialın müəllifləri əmindirlər.