KORLAR ÜÇÜN ŞƏHƏR - Marburq görmə əngəllilər üçün ən rahat yerə çevrildi

21-11-2021, 11:38           
KORLAR ÜÇÜN ŞƏHƏR -
Almaniyanın cənub-qərbindəki - Hessen torpağındakı Marburq şəhərini qeyri-rəsmi olaraq Blindenstadt - "korlar şəhəri" adlandırırlar.

Əlbəttə, bu o demək deyil ki, 73 min əhalisi olan şəhərdə gözdən əlil olanların sayı həddindən artıq çoxdur. Məsələ burasındadır ki, cəmi bir innovativ məktəb sayəsində Marburq zəif görən və heç görməyənlər üçün daha rahat şəhərə çevrilib.

Görmə qabiliyyəti zəifləməyə başlayanda Leon Portz-un 8 yaşı vardı. Ona kompüterdən istifadəyə icazə veriləndən sonra başlamış bu proses hansısa anadangəlmə xəstəliyin fəsadı olaraq üzə çıxmışdı.

Bir il sonra Leon artıq ekrandan oxumağa çətinlik çəkirdi. O, informasiyanı daha tez əldə etmək üçün saytlardakı məqalələri və digər elektron mətnləri ucadan oxuyan səs tətbiqinin sürətini artırmağı öyrənmişdi (Hazırda Leonun kompüterində bu sürət normadan 5 dəfə çoxdur. Belə sürətə alışmayanlar nədən söhbət getdiyini anlaya bilməzlər).

Leon Portz öz elmi bacarıqlarını Marburqa köçüb Almaniya Gözdən Əlillər və Korlar üçün Təhsil və Reabilitasiya Mərkəzində - "Blindenstudienanstalt"-da (qısaldılmış variantı - "Blista") təhsil almağa başlayandan sonra reallaşdıra bilir.

"Blista"nın ənənələri

Bu unikal təhsli müəssisəsi o vaxta qədər ancaq öz universitetiylə məşhur olan qədim və yaşıl şəhəri inklüzivliyə (ingiliscə "cəlb etmək" felindəndir; hamının ictimai həyatda bərabər iştirakını, çoxluqdan fərqlənən insanlarla dostluq münasibətlərini və onlara yardımı təmin edən amillər toplusu - BBC) yol açan innovasiyalar mərkəzinə çevirib.

"Blista"nın zəngin ənənələri var. Mərkəz Birinci dünya müharibəsi illərində - kimyəvi silahların təsiri nəticəsində görmə qabiliyyətini itirmiş döyüşçülərə təhsil vermək üçün yaradılıb.

Həmin vaxtdan etibarən "Blista"nın müəllimləri və əməkdaşları qatlanan bastonlar və qabarıq riyazi şriftlər də daxil olmaqla, çox sayda ixtiraya imza atıblar.

Sonra mərkəz bütün Marburqu özünə uyğunlaşdırıb və Leon Portz-un sözlərinə görə, korlar üçün ideal şəhərə çevirib.

Əllə toxunulan Marburq
Portz və digər gözdən əlillər deyirlər ki, Marburqda tətbiq olunan innovasiyalara başqa yerlərdə də rast gəlmək mümkündür, amma bu şəhərdə olanların cəmi çox unikaldır. Həmişə və hər addımda baston tıqqıltısı eşidilir. Korların rahat dolaşa bilməsinə səsli sfetoforlar, hasarlanmış səkilər və piyadalar üçün nəzərdə tutulmuş ərazilərdəki "uzanmış polislər" yardım edir - sonuncular qarşıda təhlükə və ya maneə olduğuna işarədir.

Binalarının çoxu bu tikililərin relyefli xəritələriylə təmin olunub, Marburq qalasının və şəhərin digər tarixi abidələrinin kiçik miqyaslı bürünc modellərinin quraşdırılması isə toxunaraq onların görünüşü haqqında təsəvvür yaratmağa imkan verir.

Futbol, qayaya dırmanma və "ən kor" universitet
Şəhərdə korlar üçün çox sayda əyləncə və idman növü, o cümlədən, at minmə, qayaya dırmanma, avarçəkmə məktəbləri, futbol və xizək klubları var.

Marburq Universiteti 1527-ci ildə, Almaniyada ilk protestant təhsil müəssisəsi olaraq yaradılıb, qurucusu - Hessen pandqrafı Comərd Philipp-in şərəfinə həm də Philipps Universiteti adlandırılır, tələbələr və elmi dərəcə alanlar arasında korların sayına görə ölkə üzrə birincidir.

Görmə əngəllilər, adətən, hüququ və psixologiyanı seçirlər, çünki bu ixtisasların tədrisi əsasən mətnlər üzərində qurulub. Ancaq son vaxtlar təbiət elmlərini seçənlərin sayı artıb, baxmayaraq ki, bu sahədə görmə qabiliyyəti zəif olanlar üçün daha böyük əngəllər var.

Korlar üçün bütün fakültələrin əlçatan olması məqsədilə "Blista" mütəmadi şəkildə universitetlə əməkdaşlıq edir.

"Molekul və atomları kor olmayanlar da görə bilmirlər"
"Blista"nı bitirəndən sonra Leon Portz Düsseldorf Universitetinə daxil olub, biokimyanı və kompüter texnologiyalarını öyrənir.

"Bu məsələdə pioner sayılsam da, özümü belə hiss etmirəm" - universitetin ilk kor biokimya tələbəsi olan Leon belə deyir. Onun sözlərinə görə, bütün Almaniyada bu ixtisas üzrə cəmi bir neçə kor tələbə təhsil alır.

Reagentlərlə, o cümlədən, çoxsaylı şəkillər, qrafiklər və cədvəllərlə işləmək xüsusiyyətinə görə kimya həmişə korlar üçün uyğunsuz məşğuliyyət hesab olunub.

Amma Karl Ştrel adına məktəbin ("Blista" mərkəzinin strukturlarından biri) kimya müəllimi, həm də Portzun müəllimi olan Tobias Manke bununla razı deyil. O deyir ki, "Molekul və atomları kor olmayanlar da görə bilmirlər".

Özünün görmə problemi olmayan Manke "Blista"da 2013-cü ildən çalışır. Həmin vaxta qədər mərkəzdə kimya ibtidai səviyyədə tədris olunub. Manke və həmkarları korların da təbiət eləmlərini öyrənə bilməsi üçün çox sayda alət və tədris metodikası hazırlayıblar. Bu işdə onlara Marburq Universitetinin kimya fakültəsinin əməkdaşları və "Reinhard-Frank-Foundation" adlı xeyriyyə fondu da yardım edib. Mankenin magistr dissertasiyası məhz bu mövzuya həsr olunub.

"Blista"da istifadə olunan dərs vəsaitləri kompleks xarakter daşıyır, hadisələri tam və əlaqəli şəkildə nümayiş etdirir. Məsələn, bir neçə universitetin mütəxəssisləri su molekulunun əllə yığıla bilən üşölçülü modelini hazırlayıblar ki, korlar onun ikiölçülü görünüşünü təsəvvür edə bilsinlər.

Malburqun küçələri

Marburqun çoxtəpəli ərazidə yerləşməsi istiqamətləri həm də enişlər və yoxuşlar vasitəsilə müəyyənləşdirməyə imkan verir

Mankenin həmkarı Taney Şapat 3D-printer vasitəsilə dolanbac çay yatağının plastik modelini hazırlayıb. Sonra həmin modeli su kranının altına yerləşdiriblər ki, tələbələr əllə toxunub suyun sürətinin çay dibinin relyefindən və sahillərin quruluşundan asılı olaraq necə dəyişdiyini hiss edə bilsinlər.

Bunun ardınca müəllim onlara izah edir ki, çay yatağı hamar və dayaz olanda su daha yaxşı qızır, belə suda daha çox balıq və yosun olur.

"Blista"dakı kimya dərslərində açıq alovlu Bunsen brülörləri əvəzinə perforasiya edilmiş metal korpuslu elektrik qızdırıcılarından istifadə edilir.

Temperatur artdıqca şişən istiyədavamlı kağıza toxunmaqla cisimlərin qızdırılan zaman necə genişləndiyi təsəvvür olunur.

Kimyəvi reaksiya nəticəsində mayenin rəngi açılanda səs sensoru yüksək tonlu, tündləşəndə isə əksinə, alçaq tonlu siqnal verir.

Tobias Manke mənə bunları videoəlaqə vasitəsilə göstərir.

"Biz təcrübələri elə hala salmışıq ki, prosesi görməyə ehtiyac qalmayıb. Şagirdlərimiz eşidirlər, iy bilirlər, istini və soyuğu toxunaraq hiss edirlər, yeməli şeylərin dadına baxırlar. Adi sinifdə mən hansısa təcrübəni 5 saniyə ərzində 30 nəfərə göstərə bilərdim. Əlbəttə, bu, daha tez və daha asan başa gəlir, ancaq bizim şagirdlərimiz üçün uyğun deyil" - Manke belə deyir.

Kor olmayanlar üçün də faydalı
2017-ci ildə məktəb kimyanın dərindən öyrənilməsini təklif edib. Bunu istəyənlərin sayı o qədər çox olub ki, 2019-cu ildə daha bir sinif açmaq lazım gəlib. Pandemiya zamanı Manke korlar üçün hazırlanan yuvarlaq cədvəllərin köməyilə şagirdlərinə "Covid-19" haqqında danışıb.

Məktəb karantinə görə bağlananda Manke onların hər birinə cihazlar və əyani vəsaitlər göndərib, bəzilərini şagirdlər özləri təkmilləşdiriblər.

Son zamanlarda Carl-Strehl adına məktəb görmə problemi olmayan bir neçə yeniyetməni də qəbul edib. Onlar kor şagirdlərlə birlikdə təhsil alır, eyni multisensor vəsaitlərdən istifadə edirlər.

Araşdırmalar göstərir ki, istər uşaqlar, istərsə də böyüklər tədris prosesində digər hissiyyat orqanlarından da istifadə edəndə materialı daha yaxşı mənimsəyirlər. Tobias Mahnke bunu təcrübədə sınaqdan keçirdiyini deyir.

Heç bir boşluq buraxılmayıb
Leon Portz deyir ki, dünyanı öyrənmək və dərk etmək məsələsində məktəbdən başqa da köməkçiləri olub. O, Marburq küçələrindəki səsli sfetoforları, "danışan" dayanacaqları və mehriban insanları sevgiylə xatırlayır, bu məqamlara görə şəhərdə özünü inamlı hiss etdiyini bildirir.

Marburqda avtobus sürücülərinə və mağaza satıcılarına kor sərnişinlərə xidmət üçün təlim keçilir.

Restoranlar gözdən əlil müştərilərinə Brayl sistemində çap olunmuş menyülər təqdim edirlər. Portz deyir ki, belə şeylər başqa şəhərlərdə də var, amma heç yerdə bu qədər əhatəli və kompleks halında deyil:

"Marburqda bütün elementlər bir-birilə əlaqələndirilib, demək olar ki, heç bir boşluq buraxılmayıb. Şəhərdə özünəməxsus mentalitet var. "Blista" fəaliyyət göstərir, onun məzunlarının çoxu yerli universitetə daxil olur. Şəhərdə korlar çoxdur və bütün idarələr və xidmətləri onlarla ünsiyyətə alışıblar".

Marburqun çoxtəpəli ərazidə yerləşməsi istiqamətləri həm də enişlər və yoxuşlar vasitəsilə müəyyənləşdirməyə imkan verir

Elə Marburqda yaradılmış Almaniya Kor və Zəif Görən Tələbə və Mütəxəssislər Assosiasiyasının keçmiş prezidenti və keçmiş hakim Uwe Boysen də Carl-Strehl adına məktəbin məzunudur, 1960-cı illərin sonlarında Marburq Universitetində hüquq təhsili alıb.

O hesab edir ki, ən önəmli məsələ Marburqda icma və qarşılıqlı yardım hissinin formalaşmasıdır:

"Bu hiss cəsarət aşılayır və yeni şeyləri sınaqdan keçirməyə həvəsləndirir".

Bu ruh Boysen-in də taleyini müəyyənləşdirib. O illərdə Almaniyada korlar üçün karyera imkanları daha az olub, hərçənd indiki kimi onda da ölkədə görmə problemi olan və əsasən müharibə əlillərindən ibarət 100 hakim varmış.

O dövrdə Boysen və hüquq fakültəsinin digər kor tələbələri mühazirə və dərsliklərin lent yazılarını bir-birilərinə ötürərək təhsil alıblar, sonrakı illərdə isə öz professional biliklərindən görmə qabiliyyəti məhdud şəxslərin hüquqlarının müdafiəsi üçün istifadə ediblər.

Kor olmayanlar da faydalanır
Marburqdan olan kor kompüter proqramçısı və inklüziv texnologiyalar müəllimi Bahaddin Batmaz bu texnologiyaların bir çoxunun hamı üçün faydalı olduğunu deyir.

Məsələn, "danışan" dayanacaqlarda düyməni basıb növbəti avtobusun marşrutunu, gəlmə vaxtını öyrənmək olur və bu xidmətdən bütün şəhər sakinləri yararlanır.

Batmaz deyir ki, saytının ekrandan daha yaxşı oxunmasını təmin edəndən sonra sayta baxış sayı kəskin artıb və böyük ehtimal, baxanlar arasında görmə problemi olmayanlar da var.

"İnsan faktoruyla texnologiyaların birliyi çox effektlidir. Gözləri görməyən biri lənətə gəlmiş küçəni keçmək üçün əzab çəkməkdən qurtulanda faydalı şeylər haqqında düşünməyə vaxt qazanmış olur və ətrafdakılara münasibəti yaxşılaşır".

Marburq alternativi
Marburq Universitetinin KİV araşdırmaçısı, görmə problemi olmayan kinooperator Dago Schelin də Batmazla həmfikirdir. O və həmkarları inklüziv texnologiyaların tətbiqiylə məşğuldurlar. Onlar Marburqu "korlar üçün ağıllı şəhər" hesab edirlər.

"Ağıllı şəhər" ideyası, adətən, kompüter texnologiyalarına fokuslanır. Shelin-in sözlərinə görə, Marburq insan faktorunun, iş birliyinin və dəstəyin önə çıxarıldığı alternativ konsepsiya təklif edir.

Shelin hesab edir ki, ictimai nəqliyyatın əlillər üçün əlçatanlığı istənilən şəhərin inkişaf səviyyəsini qiymətləndirmədə məcburi meyar olmalıdır və bu mənada Marburq digərləri üçün nümunədir.

Bu şəhərə 2014-cü ildə, Braziliyadan gəlmiş Shelin Marburqda kino istehsalıyla maraqlanan xeyli sayda kor insan olduğunu görüb və onları öyrətmək üçün orjinal multisensor metodika hazırlayıb.

"Bu, kinonun hər şeyə qadir olmasıyla bağlı qənaətimi möhkəmləndirdi" - Shelin belə deyir.

Maneələri aşaraq
Almaniyanın cənubunda - Heppştadda yaşayan görmə əngəlli Leonore Dreves Almaniya Korlar və Zəif Görən Tələbələr və Mütəxəssislər Assosiasiyasının təbii elmlər, texnologiyalar, riyaziyyat və mühəndislik ixtisasları üzrə mütəxəssislərdən ibarət qrupuna rəhbərlik edir. Qrup üzvlərinin əksəriyyəti gözdən əlillər üçün kifayət qədər əlçatan olan informasiya texnologiyaları sahəsində fəaliyyət göstərirlər. Amma bu sahədə də əngəllər qalmaqdadır. Dreves deyir ki, əsas məsələ insanların düşüncəsini dəyişməkdir:

"Mən hesab edirəm ki, ən çətin dəf edilən maneələr bizim beynimizdə olanlardır. Kor bir qadın olaraq öz işimdə başqalarından zəif olmadığımı sübut etmək üçün mən xeyli vaxt sərf etməli oldum".

Bütün dünyada kor alimlər və ixtiraçılar tədricən bu maneələri dəf edirlər.

Bostondakı Şimal-Şərq Universitetinin biomühəndislik üzrə professoru Mona Minkara insanların ağciyərində gedən kimyəvi prosesləri öyrənmək üçün kompüter modellərindən istifadə edir və korların təbiət elmləri və riyaziyyat üzrə təhslil almasına imkan verən tədris metodları hazırlayır.

Yaponiyalı Chieko Asakawa kompüter səhifələrini səsləndirmə sistemlərinin və əlçatan interfeyslərin yaradılmasıyla məşğuldur.

Pizadakı Avropa Qravitasiya Laboratoriyasının astronomu Wanda Díaz-Merced kosmos haqqındakı iri həcmli məlumatları səs formatına çevirmək üsulunu ixtira edib.

Leon Portz isə təhsilini davam etdirməkdədir. Görmə problemi olmayan dostları ona dərsliklərin vizual materiallarını öyrənməkdə yardım edir, cədvəl və illüstrasiyaların məzmununu təsvir edirlər.

Karantin vaxtı Portz leksiyaların çətin olmayan yerlərini ikiqat sürətlə dinləyib.

O öz elmi ideyalarını keçmiş müəllimi Mahnke ilə müzakirə edir. "Blista"nın fəaliyyəti həmişəki kimi onu ruhlandırır.

"Bu məktəb mənə çox güclü təkan verib. Orda mənim üçün nəyin mümkün olduğunu və cəhd edəcəyim halda nəyin mümkün ola biləcəyini anladım" - kor tələbə belə deyir./BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.