Pentaqon “qırmızı xətt”i rəd etdi - Müharibə istəyən tərəflər var

9-12-2021, 17:34           
Pentaqon “qırmızı xətt”i rəd etdi -
ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladmir Putin arasında ən son görüşdən sonra vəziyyət bir qədər normala dönüş istiqaməti almış kimi görünürdü. Çünki görüş zamanı Rusiya və ABŞ həm Ukrayna məsələsi, həm də digər problemlərlə bağlı anlaşma baxımdan qırmızı xətləri müəyyən etmişdi. Lakin sonradan ABŞ və Qərb müttəfiqlərinin Rusiyaya qarşı odlu mesajları, iki güc dövləti arasında anlaşmanın su üzərində yazıldığını ortaya çıxartdı.

Ötən gün Pentaqon rəhbəri Lloyd Ostinin üzünü Moskvaya tutaraq, Ukrayna ətrafında ordu və zirehli texnika ilə bağlı “biz qırmızı xətt tanımırıq, bizim öz xətlərimiz var” deməsi, habelə Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Toni Radakın Krımın işğalını əhatə edən və Rusiyaya xəbərdarlıq xarakteri daşıyan açıqlaması proseslərin yenidən köhnə vəziyyətə qayıtdığını göstərdi.

Xatırladaq ki, Putinlə Bayden arasında görüşdə Rusiya ordusunun Ukrayna sərhədindən çəkilmə xəbərdarlığı edilmişdi. Buna cavab olaraq Rusiya da qarşılıqlı addım atılmasını, yəni NATO güclərinin Avropanın şərq sərhədlərindən geri çəkilmə tələbini irəli sürmüşdü. Nəticə olaraq tərəflər razılıqla ayrılmış kimi təsir bağışlasa da, Qərbin hərbi rəhbərliyinin ən son bəyanatları onların güzəştə getmək niyyətində olmadığını göstərir.

ABŞ Müdafiə naziri byanatda Rusiyanın göstərdiyi qırmızı xətti rədd etdiyini və bunun gərginliyi daha da artırdığını deyərək, Rusiyadan birmənalı olaraq geri çəkilməyi tələb edib. Ostinin bəyanatı həmçinin Çinlə Tayvan arasındakı iddialı olan ərazi məsələsini gündəmə gətirib. Bu isə bəzi ekspertlərə görə, ABŞ-ın hər iki tərəfə “ayağa qalxmağın vaxtıdır” mesajını verməsi kimi şərh edilib. Əsas məsələ isə Rusiya ilə ABŞ arasında normal keçən danışıqlardan sonra ABŞ-ın yenidən Kremlə qarşı əzələ nümayiş etdirməsidir.

İrlandiyalı siyasi ekspert və tarixçi Patrik Uolş məsələ ilə bağlı EDNews.net-ə açıqlama verib. O, ilk öncə Rusiyanın mövqeyi barədə söz açıb.

“Hesab edirəm ki, Rusiyanın Ukraynanı işğal etmək kimi bir niyyəti yoxdur. Bu hazırki duruma görə belədir və bu səbəbdən Rusiya belə bir addımı atmaqda maraqlı deyil. Prezidentlər arasında baş tutan görüşdə, Putin sadəcə həmkarı Baydenə NATO-nun Ukraynada genişlənməsinin və təhdid kimi qəbul etdiyi şərq sərhədlərində silahlanmanın “qırmızı xətt” olduğunu bildirib. Putin həmçinin bəyan edib ki, Rusiyanın öz ərazisində hərbi əməliyyat aparması hər hansı təhdid və təhlükə mənasını ifadə etmir”.

Ekspert həmçinin, Petaqondan gələn mesajla bağlı ABŞ tərəfinin də mövqeyini şərh edib.

“Prezident Bayden hakimiyyətə gəldikdən bəri ABŞ-ın daha minimalist müdaxilə strategiyası həyata keçirdiyi aydındır. Bu, bir çox cəhətdən onun sələfi prezident Trampla eyni siyasəti təkrarlayır, lakin ona daha formal əsas verilir. Bayden siyasətinin özü də ABŞ-ın bir növ geri çəkilməsinə əsaslanan “qırmızı xətlər” anlayışına əsaslanır.

Başlıcası budur ki, geosiyasi rəqiblər olan Rusiya, Çin və İran ABŞ-ın mövqeyini anlamağa çalışsalar və ona bir qədər hörmət etsələr, dünya daha təhlükəsiz olar. Beləliklə ABŞ “qırmızı xətt” deməklə rusların Ukraynanı işğal etməyəcəyi təqdirdə heç bir münaqişədən söz gedə bilməz ifadəsini bildirməyə çalışıb.

O ki qaldı silahlı münaqişəyə, məncə burada Baydendən daha çox Rusiyanın ABŞ və Ukraynanın savaşa girməsini istəyən tərəflər var. Ancaq görünür, prezident Bayden onlardan biri deyil. O, ümid edir ki, hər şey yoluna düşəcək və Rusiya bunu geridə qoyacaq və məncə də belə olacaq. Bayden Əfqanıstandakı böhrandan sonra qətiyyətli və güclü görünməyə çalışır. O ümid edir ki, Putin ağlabatan olmaqla ona kömək edəcək ki, bu da Baydenin qələbə qazanmasına kömək edəcək. Putin məcbur edəcək, çünki bunu etmək onun öz maraqlarına uyğundur. İnşallah, əminəm ki, ortada yalnız müharibəni qızışdıranlar məyus olacaqlar”.

Elnur Ənvəroğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.