ABŞ NATO ÖLKƏLƏRİNİ UKRAYNANI SİLAHLANDIRMAĞA ÇAĞIRDI - Dövlət Departamenti Latviya, Litva və Estoniyaya Amerika silahlarını Ukraynaya verməyə icazə verdi

20-01-2022, 12:53           
ABŞ NATO ÖLKƏLƏRİNİ UKRAYNANI SİLAHLANDIRMAĞA ÇAĞIRDI -
ABŞ Dövlət Departamenti Latviya, Litva və Estoniyaya (NATO müttəfiqləri) Amerika silahlarını Ukrayna silahlı qüvvələrinə verməyə icazə verib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Politico” ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, Baltikyanı ölkələr son həftələr ərzində üç sorğu təqdim ediblər və son üçüncü sorğu yanvarın 19-da təsdiqlənib.

Nəşr qeyd edir ki, Riqa, Vilnüs və Tallin Dövlət Departamentinin icazəsi olmadan Kiyevi silahlandırmağa başlaya bilməzdi, bu, ixraca nəzarət qaydalarının pozulması demək olardı. Qəzetə məlumat verən mənbə Vaşinqtonun hansı silahların ötürülməsini təsdiqlədiyi haqda dəqiq informasiya verməkdən imtina edib.

Bundan əvvəl prezident Co Bayden bəyan etmişdi ki, ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımın 600 milyon dollar həcmindədir.

Buna qədər isə “İzvestiya” Qərbin avia-mənbələrinin məlumatlarına istinadən yazırdı ki, cümə axşamı, yanvarın 20-nə keçən gecə Britaniya silahlı qüvvələrinə məxsus "C-17A Globemaster III" ağır hərbi-nəqliyyat təyyarəsi Kiyev yaxınlığındakı Borispol aerodromuna enib. Yanvarın 17-dən Böyük Britaniya Hərbi Hava Qüvvələri səkkiz belə uçuş təşkil edib. Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi tərəfindən Ukrayna hərbçilərinə bir neçə min tank əleyhinə idarə olunan raketin tədarükü təsdiqlənib.

Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi isə öz növbəsində bildirib ki, Almaniya ərazi münaqişəsi olan ölkələrə, xüsusən də Ukraynaya silah satışını qadağan etmək siyasətinə sadiq qalmağa davam edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.