Gürcüstan "covid-pasport"u ləğv etdi - Hökumət bunu səmərəsiz hesab edir
1-02-2022, 17:12

Gürcüstan hakimiyyəti ictimai yerlərdə tələb olunan “covid-pasport” sistemini ləğv edib. Teref.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Koronavirusla Mübarizə üzrə Koordinasiya Şurasının operativ qərargahının rəhbəri Georgi Gibradze deyib ki, amma xarici ölkələrə səfər etmək istəyənlər üçün hələ də covid-pasport tələbi olacaq.
Qərar onunla əsaslandırılır ki, yoluxmaların sayı xeyli artıb və bu sistem indi daha az effektivdir. Ölkə daxilində "yaşıl" pasportlar tələb olunmayacaq, - Gibradze bildirib.
Gibradze onu da deyib ki, koronavirusun yeni ştamı olan "omikron"un kütləvi şəkildə yayılmasına baxmayaraq, vəziyyəti idarə etmək olar. Operativ Qərargah rəisi xatırladıb ki, peyvənd yoluxmadan sonra fəsadlardan sığortalanmağın yeganə yoludur.
Qeyd edək ki, “yaşıl pasport” və ya “covid-pasport” vətəndaşın covid statusu haqqında məlumatları özündə əks etdirən elektron sənəddir: peyvəndin tam kursu, xəstəliyin müddəti və PCR testlərinin nəticələri burada əks oluna bilir. Gürcüstanda isə “yaşıl pasportlar” sistemi dekabrın 1-dən qüvvədədir. İctimai yerlərə, restoranlara, əyləncə və ticarət mərkəzlərinə yalnız QR kodla getmək mümkün olub.