OPEK ölkələrinin Doha görüşü nəticəsiz başa çatdı

17-04-2016, 23:49           
OPEK ölkələrinin Doha görüşü nəticəsiz başa çatdı
Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin gərgin müzakirələrlə keçən görüşü nəticəsiz başa çatıb.

Virtualaz.org AzərTAc-a istinadən bildirir ki, bütün səylərə baxmayaraq, Səudiyyə Ərəbistanı irəli sürdüyü şərtini geri götürməyib.

Görüşün ziddiyyətli olacağı əvvəlcədən məlum idi. Lakin güman edilirdi ki, iştirakçı ölkələr dünya bazarında neftin qiymətinin artması naminə kompromisə gedəcəklər. Norveçin, İranın və Liviyanın görüşə qatılmaqdan imtina etməsi, Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan verməyib.

Razılaşma sənədi üzərində aparılan 6 saatlıq müzakirədən sonra yekdillik əldə edilməyib və imzalama mərasimi baş tutmayıb.

* * *18:47

Qətərin paytaxtı Dohada heft hasilatının dondurulması barədə bu gün imzalanması gözlənilən sazişə yeni bənd salınıb.

Virtualaz.org Reuters-ə istinadən bildirir ki. həmin bənd razılaşmanın OPEK-ə üzv ölkələrin hamısı tərəfindən imzalanmasını nəzərdə tutur.

Məhz bu bənd danışıqlarda qarşılıqlı güzəştin əldə olunmasına mane olur. Çünki xəbər verdiyimiz kimi, İran bu danışıqlarda iştirakdan ümumiyyətlə imtina edib. Düzdür, bu ölkənin nümayəndəsi bəyan edib ki, hasilatın azaldılması təklifini dəstəkləyirlər, amma hələlik bu təşəbbüsə qoşulmağa hazır deyillər.

Xatırladaq ki, İslam Respublikasının neft naziri Bijan Namdar Zanqanen ondan əvvəl yaydığı bəyanatda demişdi: "Bir halda ki, İran bu layihəni imzalamayacaq, bizim bu danışıqlarda iştirakımıza ehtiyac yoxdur".

Onu da xatırladaq ki, OPEK-in daha bir üzvü-Liviya da Doha danışıqlarında iştirakdan imtina edib.

* * *16:44

Qətərin paytaxtı Dohada neft hasil edən ölkələrin rəsmi görüşü öz işinə başlayıb.

Virtualaz.org-un məlumatına görə, bu barədə Rusiyanın Energetika Nazirliyi Twitter-dəki mikrobloqunda xəbər yayıb.

Məlumata görə, danışıqlar nəzərdə tutulduğundan təxminən 6,5 saat gec başlayıb.

"İştirakçılar razılaşdırma üzərində yenidən işləyirlər, düzəlişlər İranla bağlıdır, amma müzakirələr razılaşmanın yekun sazişinin qəbuluna mane olmayacaq", - deyə "Blumberq" agentliyi bildirib.

* * *12:02

Neft hasilatçısı olan ölkələrin Qətərin paytaxtı Dohada keçiriləcək görüşü ləngiyir.

Virtualaz.org bildirir ki, məlumatı RİA Novosti iştirakçı ölkələrdən birinin nümayəndəsinə istinadən yayıb.

"Röyter" isə öz mənbəsinə istinadən bildirir ki, ləngimə Səudiyyə Ərəbistanının son dəqiqələrdə xahiş etdiyi dəyişiklərlə əlaqədardır.

Qeyd edək ki, Doha görüşünün iştirakçılarına imzalamaq üçün kiçik mətn təqdim edilib. Orada hasilatı bu ilin oktyabr ayına qədər dondurmaq nəzərdə tutulur. Amma Səudiyyə kralı Salman son məqamda elan edib ki, İran hasilatı dondurmasa onun ölkəsi də belə addım atmayacaq.

Onu da xatırladaq ki, ilkin rəsmi razılaşmaya görə, Doha görüşü saat 8.45-də başlamalı idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.