Azərbaycanda qara iqtisadiyyatın həcmi nə qədərdir?

Bu gün, 15:04           
Azərbaycanda qara iqtisadiyyatın həcmi nə qədərdir?
Qara iqtisadiyyat rəsmi dövlət uçotuna ciddi zərər vurur. Xidmət sektorunda iştirakçılar daha sərfəli və cəlbedici şəraitə malikdirlər. Risklərin az olması və rəsmi iqtisadiyyatın kifayət qədər cəlbedici olmaması bu prosesə səbəb olur. Bəs Azərbaycanda qara bazarın ticarət sektorundakı payı təxminən nə qədərdir?

İqtisadçı ekspert Xalid Kərimli Valyuta.az-a bildirdi ki, qara iqtisadiyyat vergidən, qeydiyyatdan və uçotdan gizləndiyi üçün onun haqqında nəsə demək çətindir: “Qara bazara daha çox uçotsuz iqtisadiyyat, kölgə iqtisadiyyatı, qeyri rəsmiləşdirilmiş iqtisadiyyat deyirlər. Qara iqtisadiyyat vergidən, qeydiyyatdan və uçotdan gizləndiyi üçün onun haqqında nəsə demək çətindir. Bu, müxtəlif formalarda baş verir: ya heç qeydiyyata düşmürlər, ya da qeydiyyata düşürlər, amma dövriyyələrinin həcmini gizlədirlər. Qara iqtisadiyyatın tam həcmi məlum deyil. Lakin əvvəlki beynəlxalq tədqiqatçıların araşdırmalarına əsasən, Azərbaycanda qara iqtisadiyyatın həcmi 50-60% kimi qiymətləndirilib. Bəzi beynəlxalq təşkilatların araşdırmalarına görə isə bu göstərici 45-50%-dir. Uçota alınmadığı üçün qara iqtisadiyyatın dəqiq həcmi müəyyən edilmir və onun ölçülməsi yalnız dolayı, təxmini yollarla mümkündür. Əgər tam həcmi məlum olsaydı, vergiyə cəlb olunardı”.

“Qara bazar xidmət sektorunda daha çox yayılıb”

Son illərdə isə qara iqtisadiyyatın dövriyyəsinin azaldığını və buna səbəbin nağdsız əməliyyatların artması olduğunu bildirir. Qara bazar daha çox hansı sektorlarda yayılıb? “Qara bazar xidmət sektorunda daha çox yayılıb. Bunun əsas səbəbi xidmət sektorunun qara iqtisadiyyat üçün daha əlverişli olmasıdır, çünki xidmət sektorunun qeydiyyatı məhduddur. Məsələn, bərbər saç kəsir və bunun uçotunu yoxlamaq çətindir. Məhsul sektorunda isə məhsulun giriş-çıxış məlumatları və alış-satış sənədləri əsasında dövriyyəni müəyyənləşdirmək olur. Xidmət sektoru daha geniş və rahat olduğundan, qara iqtisadiyyatın müəyyən edilməsi bir qədər çətindir. Məhsul sahəsində isə daha çox qiymətin aşağı göstərilməsi və məhsulların sənədləşdirilməməsi hallarında dövriyyəni tam müəyyən etmək mümkün olmur. Dövlət, neft, bank, maliyyə, telekommunikasiya və rabitə sektorlarını çıxmaq şərti ilə, digər bütün sektorlarda qara iqtisadiyyat yayılıb” - deyə X.Kərimli bildirir.

Bəzi məhsul və xidmətlərin qiymətləri daha yüksək olardı…

İqtisadçı bildirdi ki, qara bazar ciddi şəkildə rəsmi dövlət büdcəsinə zərər verir: “Çünki uçotdan kənar şəxslər vergiləri azaldaraq, ucuz qiymətlər qoyurlar. Dövlətdən gizlədilən vergilər nəticəsində dövlət büdcəsi itir. Bu isə vicdanlı vergi ödəyicisinin, qeydiyyatdan qaçan qara bazar iştirakçısına uduzmasına səbəb olur. Vicdanlı vergi ödəyicisinin xərcləri daha çox olduğundan məhsula daha yüksək qiymət qoymalı olur. Daha az xərci olan qara bazar iştirakçısı isə malı daha ucuz qiymətə təqdim edir və məhsulunu daha tez satır. Nəticədə rəsmi iqtisadiyyatda olanların qazancı azalır və normal bazar qiymətlərinin formalaşmasına imkan verilmir”.
X.Kərimli deyir ki, qara iqtisadiyyatın geniş yayılmasının səbəblərindən biri onun iştirakçılar üçün daha sərfəli və cəlbedici olmasıdır: “İkincisi, qara iqtisadiyyatda olmağın onlara ciddi risklər yaratmamasıdır. Yəni, ağır cəzalar və təhlükələr mövcud deyil. Üçüncü səbəb isə, rəsmi iqtisadiyyatın kifayət qədər cəlbedici olmamasıdır”.
X.Kərimov qeyd edir ki, kölgə iqtisadiyyatı olmasaydı, bəzi məhsul və xidmətlərin qiymətləri daha yüksək ola bilərdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru