“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Bu gün, 12:02

“Bir neçə gün öncə müğənni Yaşar Yusub da süni zəka ilə klip təqdim etdi. Düşünürəm ki, hər müğənni öz repertuarında bir neçə belə klipə yer verə bilər. Ancaq özünə əziyyət verməyib, bütün klipləri bu cür təqdim etmək olmaz. Bu hal izləyicilər üçün də maraqsız olar”.
Bunu “Yeni Sabah”a Müğənni Afət Fərmanqızı bildirib.
Onun sözlərinə görə, dünya dağıla, süni zəka ilə çəkilən kliplərə səhnə fəaliyyətində yer verməz:
Son vaxtlar süni zəka yalnız yazıçıları və rəssamları yox, rejissorları da maraqlandırmağa, eyni zamanda, narahat etməyə başlayıb. Musiqi sahəsində də bu tendensiya özünü göstərir. Müğənnilər artıq günlərlə çəkiliş meydançasında əziyyət çəkmək əvəzinə, kliplərini süni intellektin əllərinə tapşırırlar.
Afət Fərmanqızı başqa fikirdədir: “Özümə gəldikdə, mən səhnə fəaliyyətimdə bu cür kliplərə və çəkilişlərə yol vermərəm. Düşünürəm ki, adi şəkillə mahnını yayımlamaq daha məqsədəuyğundur.
Adından da göründüyü kimi, burada hər şey sünidir. Elə bil cizgi filmidir. Animasiyalarda o qədər mənə oxşayan qızlar var ki, birini seçib öz mahnılarımı yayımlayaram".
Müğənni qeyd edib: “Hər yaşın öz gözəlliyi var. Məsələn, elə 60 yaşlı xanımlar var ki, üzlərini dartdırıb, düşünürlər ki, 40 yaşındakı kimi görünəcəklər. Ətrafa gözəl görüntü bəxş etmədiklərinin fərqində deyillər.
Oğul ona deyirəm ki, 60 yaşında təbii gözəl ola. Ququşa baxın, 80-ə yaxın yaşı var, amma görün, necə gözəl və təravətlidir. Uzaqbaşı üzündə yüngül toxunuşlar ola bilər.
Hülya Avşar da qırışları ilə çox gözəldir. Azərbaycanda isə qaşı qaldırıb çatdırırlar alına. Üst dodaq göy süpürür, alt dodaq da yer. O vaxtı nağıllarda ifritəni vəsf edəndə bu deyimlərdən istifadə edirdilər. İndi isə insanlar həkimə pul verirlər ki, məni o ifritəyə bənzət. Bilmirəm niyə, amma mən bəyənmirəm o cür görünüşdə xanımları. Burun eybəcərdirsə, get kəsdir. Çənən pisdirsə, düzəltdir. O ayrı məsələdir.
Gözəllik kompleksiniz varsa, edə bilərsiniz. Amma bu saydığım estetik toxunuşlar çox vulqar görünür. Bu görüntü səhnə adamından tutmuş, adi ev xanımlarına qədər heç kəsə yaraşmır. Mənim heç botoksum da yoxdur. Bir dəfə etmişəm, 6 aylıq, vəssalam. O da məni elə günə qoydu ki, qorxdum olan-qalan 5-6 toyum da əlimdən çıxa.
İfaçının sözlərinə görə, süni kliplər əsl klip çəkilişinin yerini vermir:
"Yəni sünidir bunların hamısı. İnsanın alnının, üzünün qırışı olar. Süni kliplər də o cürdür. Düşünürəm ki, həmin kliplər heç vaxt əsl klip çəkilişinin ab-havasını və yerini verə bilməz. İnsanları robotlaşdırmaq lazım deyil".