İngilis əsirlər üçün nazirdən təəccüblü AÇIQLAMA
21-04-2022, 08:08

Şimali İrlandiyanın dövlət naziri Brandon Lyuisin əsir əsgərlər haqda verdiyi açıqlama ölkədə reaksiyalara səbəb olub.
Britaniya günlərdir Mariupol sıralarında Ukrayna uğrunda döyüşən və rus qoşunları tərəfindən əsir götürülən Britaniya vətəndaşları 48 yaşlı Şaun Pinner və 28 yaşlı Aiden Aslindən danışır.
İki gün əvvəl Rusiya dövlət televiziyası əsir düşən əsgərlərin görüntülərini yayımlayıb.
Əsgərlər videoda İngiltərənin baş naziri Boris Consondan kömək istədiklərini və ukraynalı oliqarx Medvedçukla dəyişdirilmək istədiklərini bildiriblər.
“Sky News”un hökumətin mümkün mübadilədə iştirak edib-etməyəcəyi ilə bağlı sualına nazir Lyuis “Hazırda biz Putin rejiminə yaxın insanlara qarşı sanksiya tətbiq etmə prosesindən keçirik. Bu insanlar orada olmamalı idi. Onların orada olması qanunsuzdur” deyə cavab verib.
Britaniya mediası hər iki əsgərin muzdlu və ya könüllü olmadığını və müharibə başlamazdan əvvəl Ukraynada yaşadığını bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss isə müharibənin ilk günlərində açıqlama verərək Ukrayna ordusu üçün döyüşmək istəyən ingilisləri tamamilə dəstəklədiyini bəyan etmişdi.
Gözlər indi baş nazir Boris Consonun atacağı addımlara çevrilib.