Britaniya hakimiyyəti Ukraynaya 20 “AS-90” özüyeriyən artilleriya qurğusu və 45 min mərmi göndərəcək. Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Express” nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, bu həftə Polşaya özüyeriyən haubitsalar sinfinə aid “AS-90” qurğuları mərmilərlə birlikdə çatdırılacaq. Nəşr bildirir ki, ilkin olaraq ukraynalı hərbçilər burada qurğuların istifadəsi üzrə təlim keçəcək, sonra isə “AS-90” Ukraynaya daşınacaq. Qeyd olunur ki, “AS-90”lar 24 km-ə qədər məsafəyə atəş açmaq və 10 saniyədən az müddətdə üç mərmi atmaq qabiliyyətinə malikdir. Xatırladaq ki, bu həftənin əvvəlində İngiltərə Baş naziri Boris Conson Ukraynaya əlavə artilleriya silahlarının verilməsinin zəruriliyini bəyan edib.