İsveçrə Ukraynaya alman sursatlarının tədarükünü ƏNGƏLLƏDİ24
24-04-2022, 21:22

Tarixdə ilk dəfə olaraq tarixi bitərəfliyindən imtina edən və Ukraynaya hücumuna görə Rusiyaya qarşı Avropanın tətbiq etdiyi sanksiyalara qoşulan İsveçrə indi də Almaniyadan Kiyevə silah verilməsinə veto qoyur.
Publika.az xəbər verir ki, bu barədə İsveçrənin "Tagesanzeiger" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Bern hökuməti Almaniyanın “Marder” piyada döyüş maşınında istifadə edilən İsveçrə istehsalı olan sursatların Ukraynaya verilməsinə razılıq vermir.
İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) sözçüsü nəşrə bildirib ki, Almaniyadan İsveçrəyə döyüş sursatlarının Ukraynaya təhvil verilməsi ilə bağlı iki sorğusu İsveçrənin neytrallığı və münaqişə üçün silah tədarükünə icazə verməyən hərbi materiallarla bağlı qanunvericilik üçün məcburi meyarlar səbəbindən rədd edilib. Sözçü sursatın növü və miqdarı ilə bağlı ətraflı məlumat verməyib.
Qəzet əlavə edib ki, ötən ay İsveçrə Polşanın Ukraynaya silah verilməsi xahişini də rədd edib.
Almaniya hələ də Ukraynanı ağır silahlarla təmin etməyib. Berlin hökuməti və onun rəhbəri həm müxalifət, həm də bir sıra iqtidaryönlü partiyalar tərəfindən ciddi şəkildə tənqid olunub.