İsveç prokurorluğu Azərbaycandakı rüşvət işini bağladı
4-05-2016, 13:45
İsveç prokurorluğu Azərbaycanda rüşvət şübhəsi ilə qaldırılmış cinayət işinin təhqiqatını dayandırdığını elan edib.
Virtualaz.org “Reuters” agentliyinə istinadən xəbər verir ki, söhbət İsveç-Finlandiya telekommunikasiya şirkəti “TeliaSonera” ilə bağlı rüşvət araşdırmasından gedir.
Bu təhqiqata rəhbərlik edən prokuror Gunnar Stetler bildirib ki, cinayət işinin təhqiqatının dayandırılması barədə mayın 3-də qərar qəbul edilib. “Biz sərəncamımızda olan alətlərin köməyi ilə Azərbaycanda rüşvətxorluq faktını sübut edə bilmirik”-prokuror deyib. Onun sözlərinə görə, hətta rüşvət faktı sübut olunsaydı belə rüşvətin “TeliaSonera” şirkətinin hansısa vəzifəli şəxsinin istəyi ilə verildiyini sübut etmək imkanı yoxdur.
Bildirilir ki, bu cinayət işi İsveçin TT telekanalının jurnalistlərinin “TeliaSonera” şirkətinin Azərbaycan və Özbəkistanda mobil rabitə bazarına girmək üçün iri məbləğlərdə rüşvət verdiyinə dair araşdırması əsasında başladılmışdı. Bu rüşvət məsələsi ilə bağlı hazırda İsveçlə yanaşı Norveç, İsveçrə, Niderland və ABŞ prokurorluğu da təhqiqat aparır.
Rüşvət qalmaqalı “TeliaSonera” şirkətinin top-menecerlərinin və direktorlar şurasının bəzi üzvlərinin istefasına səbəb olub. Bu qalmaqaldan sonra şirkət Azərbaycan, Özbəkistan da daxil olmaqla Avrasiya diviziyonu ölkələrində biznes aktivlərini satmaq qərarına gəlib. “TeliaSonera” Azərbaycanın ən iri mobil rabitə operatoru olan “Azercell”in səhmlərinə nəzarət edir.
Prokuror Stetler Azərbaycanda rüşvət işi ilə bağlı təhqiqatın hansı mərhələdə dayandırıldığını açıqlamayıb, ancaq deyib ki, onlar indi təkcə Özbəkistanla bağlı təhqiqat aparırlar.