Putin Ukraynanın üzərinə 1 milyon əsgər göndərmək istəyir – Səfərbərlik kampaniyasının pərdəarxası

26-09-2022, 21:02           
Putin Ukraynanın üzərinə 1 milyon əsgər göndərmək istəyir –
Rusiyada elan edilən və 300 min insanın cəlb olunacağı deyilən səfərbərlik son iki gündə Dağıstan, Yakutiya, Kabardin-Balkar və digər bölgələrdə kütləvi etirazlara səbəb olub. Sosial şəbəkələrdə “məzarlaşdırma” (Moqilizasiya) adlandırılan səfərbərliyə qarşı keçirilən aksiyalarda beş gün ərzində iki mindən çox insan saxlanılıb. Bundan əlavə, hərbi komissarlıqların yandırılması halları artıb.

Belə ki, naməlum şəxslər Kalininqrad vilayətinin Çernyaxovsk şəhərindəki hərbi komissarlığın binasına “Molotov kokteyli” atıblar. Sentyabrın 25-nə keçən gecə Mordoviyada və Leninqrad vilayətində daha iki insident baş verib. Bundan əlavə, səhər saatlarında Volqoqrad vilayətinin Bereslavka kəndində yerli administrasiya və hərbi qeydiyyat idarəsinin yerləşdiyi bina yanıb. Bir çox yerli sakinlər bunun səfərbərliyə etiraz olaraq yandırma olduğuna əmindirlər. Nəhayət, bu gün – sentyabrın 26-da İrkutsk vilayətində yerli sakin hərbi komissarlıqda səfərbər olanlarla görüş zamanı çağırış komissiyasının rəisini güllələyib.

Orduya kimlər çağırılır? Göstərilən yaşa uyğun olmayanlar, çoxuşaqlı atalar, xəstəlikləri olan və heç vaxt Rusiya ordusunda xidmət etməmiş insanlar… Belə çıxır ki, onlar da Vladimir Putin və Sergey Şoyqunun əmri ilə cəbhəyə aparıla bilərlər. Səfərbərliyi tənzimləyən əsas sənəd Rusiya Prezidenti Vladimir Putinin “Səfərbərliyin tətbiqi haqqında” fərmanıdır. Fərman sentyabrın 21-dən qüvvəyə minib.

Putin sentyabrın 21-də çıxışında Ukraynadakı müharibə ilə əlaqədar ölkədə “qismən səfərbərlik” tətbiq olunduğunu bəyan edib. Bundan sonra Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, “qismən səfərbərlik” çərçivəsində 300 min nəfər döyüş əməliyyatlarında iştirak etmək üçün cəlb olunacaq: komissarlıqlar döyüş təcrübəsi olan və ya əvvəllər hərbi xidmətdə olmuş şəxsləri seçəcəklər.

Lakin reallıqda Putinin fərmanının mətnində kimin çağırılacağı, kimlərin çağırılmaması barədə məlumat olmadığı kimi, səfərbər olunanların maksimum sayı barədə də bilgi yoxdur. Yəni dərc olunan sənəddə nə Putinin, nə də Şoyqunun vədləri heç bir şəkildə əksini tapmayıb.

Ən azı iki nəşr öz mənbələrinə istinadən yazıb ki, Rusiya ordusuna 300 min yox, üç dəfə çox adam çağırılacaq. “Novaya qazeta Avropa” yazıb ki, Putinin fərmanının qapalı bəndində bir milyon mülki vətəndaşın səfərbər olunması nəzərdə tutulur. “Meduza”nın məlumatına görə isə, Ukrayna ilə müharibəyə göndərilə bilənlərin sayı 1,2 milyon nəfərdir. Prezidentin mətbuat katibi Dmitri Peskov bu məlumatı təkzib edib.

Putinin fərmanından başqa 1997-ci il tarixli “Rusiya Federasiyasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” federal qanuna və 1998-ci il tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Federal Qanuna diqqət yetirilməlidir.

Qeyd edək ki, Rusiyada səfərbərlik elan edilən gündən 55 və 61 yaşdan yuxarı kişilərin yaşlarına və çoxsaylı xroniki xəstəliklərə baxmayaraq, hərbi xidmətə çağırılması halları olub. Məlumatlar ictimailəşəndən sonra onlar evə qaytarılıb və xidmətə yararsız elan edilib.

Kim səfərbərlikdən möhlət ala bilər?

Hərbi komissarlıqlar “bron”da olan vətəndaşları səfərbər edə bilmir. Bu o deməkdir ki, işəgötürən (adətən dövlət təşkilatı) işçini “sifariş”lə təmin etməlidir – yəni müəssisənin normal fəaliyyəti üçün həmin işçi orduya çağırıla bilməz. Bu imkandan istifadə edə biləcək müəssisələrin siyahısı Rusiya hökuməti tərəfindən müəyyən edilir. Lakin hələ də regionlarda hansı şirkətlərin öz işçilərini “bron” edə biləcəyi haqda dəqiq bir anlayış yoxdur.

Sağlamlığa görə səfərbərlikdən möhlət yalnız (altı aya qədər uyğun deyil) və ya (heç uyğun deyil) kateqoriyasına uyğunlaşdığınız halda təmin edilir. Yararlılıq dərəcəsi hərbi komissarlığın tibb şurası tərəfindən müəyyən ediləcək.

Sentyabrın 24-də Vladimir Putin texniki məktəblərin və dövlət akkreditasiyasına malik ali məktəblərin (özəl ali və orta ixtisas təhsili müəssisələri bunlara aid deyil) tələbələri üçün möhlət haqqında fərman imzalayıb. Təxirə salınmanın əsas şərti gənc oğlanın və ya qızın ilk dəfə təhsil almasıdır.

Yetkinlik yaşına çatmayan qardaş və ya bacıların qəyyumları da möhlət ala bilərlər, lakin bu şərtlə ki, yaxın qohumlardan heç biri qayğı göstərə bilməsin. Tək atalar, 16 yaşınadək dörd və ya daha çox uşağın qəyyumları, üç uşaq ataları, həyat yoldaşının hamilə olması və hamiləliyin 22 həftədən yuxarı olması şərti ilə möhlət ala bilərlər.

Səfərbərlik zamanı möhlət Ukraynadakı silahlı münaqişədə iştirak etmək əvəzinə “alternativ xidmət” etmək istəyən vətəndaşlara verilməyəcək.

Hələlik səfərbərlik çağırışından yayınmağın başqa bir yolu ölkəni tərk etməkdir.

Xatırladaq ki, Putinin məlum fərmanından sonra gənclər sürətlə ölkəni tərk etməyə başlayıblar, son rəqəmlərə görə, Rusiyadan qaçanların sayı 300 min nəfərə çatır. Eyni zamanda, müxtəlif KİV-lər bir neçə gündür ki, Rusiya hakimiyyətinin tezliklə hərbi xidmət keçməli olan vətəndaşlar üçün sərhədləri bağlaya biləcəyini iddia edirlər. Səfərbərlikdən sonra bir neçə regionda müharibəyə aparılacaq şəxslərin başqa ərazilərə getməsinə rəsmən qadağa qoyulub.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.