COVID-19 geri dönür: Şanxayda bütün əyləncə mərkəzləri BAĞLANDI
10-10-2022, 09:56
Şanxayın Çanqninq bölgəsində COVID-19-a yoluxma hallarının artması səbəbindən bütün mədəniyyət və əyləncə obyektləri bağlanıb.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə yerli mədəniyyət və turizm departamentinin məlumatında deyilir.
Qeyd olunub ki, rəqs və konsert meydançaları, internet kafelər, teatrlar və kinoteatrlar bağlanıb. Qoyulan qadağa beş gün müddətinə tətbiq edilib, sonra isə koronavirusun yayılması ilə bağlı vəziyyətdən asılı olaraq ya götürüləcək, ya da uzadılacaq.
Bütün şəhərdə hələ də son 72 saat ərzində mənfi koronavirus testinin aparılması tələbi qüvvədə qalır. İctimai yerləri ziyarət edərkən təqdim edilməlidir.
İyunun 1-də Şanxay rəhbərliyi metropolis üçün tam karantin rejiminin başa çatdığını elan edib. İnsanlar iki ay ərzində mütləq təcrid vəziyyətində qaldılar ki, bu da ictimai qəzəb və kütləvi etirazlara səbəb oldu.