Kremldə Azərbaycanı dost ölkə kimi qəbul edirlər? - Ekspertlər nə düşünür?
22-05-2016, 12:47
Natiq Miri: “Bu faktların hamısı sübut edir ki, Azərbaycan və Rusiya qonşuluq münasibətləri çərçivəsində tərəfdaş olsalarda , strateji mütəffiq deyillər”
Azər Qasımlı: “Ruslar Ermənistanı da, Azərbaycanı da özlərindən asılı ölkə hesab edirlər, hər iki ölkənin ərazisini də öz əraziləri kimi bilirlər”.
Rüstəm Məmmədov: “Azərbaycanın xarici siyasəti Rusiya ilə münasibətdə müəyyən dərəcədə dəyişib. Azərbaycan bugün Rusiyanı özünün hərbi tərəfdaşı saymir”.
Bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə Dördüncü Departamentinin direktoru Aleksey Pavlovski Moskvada erməni jurnalistlərlə görüşündə Rusiyanın Ermənistana və Azərbaycana münasibətinin eyni səviyyədə olmadığını bildirib. Pavlovski qeyd edib ki, Ermənistanla Rusiya-Azərbaycan münasibətlərinin əsasında strateji tərəfdaşlıq dayanmır və Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın müttəfiqi deyil.
Qeyd edək ki, Azərbaycanın MDB üzvü oduğunu nəzərə alaraq Azərbaycan höküməti və Azərbaycan cəmiyyəti Kremldən balanslaşdırılmış və bərabərlik prinsiplərinə dayanan siyasətin yürüdülməsini gözləyir və bu gözləntisində də haqqlıdr. Bu durumda Rusiyanın davranışları Azərbaycan və Ermənistan arasında balansı qorumaması və tərəfini rəsmi şəkildə nümayiş etdirməsi ancaq təəssüf doğura bilər.
PİA.AZ-ın əməkdaşı bu mövzu ilə bağlı, xüsusilə Rusiya XİN-nin MDB üzrə rəsmisinin diplomatik qaydalarla üst-üstə düşməyən və Azərbaycana qarşı heç də ənənəvi mövqe sərgiləməyən fikirləri ilə bağlı siyasi şərhçilərin fikirlərini öyrənib. Əməkdaşımız mövzunu Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri, Hüquq elmləri doktoru, professor , Beynəlxalq Ümumi Hüquq kafedrasının müdiri Rüstəm Məmmədov və siyasət üzrə fəlsəfə doktoru, REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı ilə müzakirə edib.
Natiq Miri: “Azərbaycan hələ də balans siyasətini yürütməkdə davam edir. Dünyada olan güc mərkəzlərindən həm Rusiya, həm də Qərblə bərabər şəkildə məsafə saxlayır”.
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Mirinin fikrincə, Rusiya XİN-nin rəsmi nümayəndəsi Pavlovskinin bəyanatının tamamilə həqiqəti əks etdirib və Rusiya Azərbaycan və Ermənistanla tamamilə fərqli siyasi əlaqələrinin olduğunu etiraf edib. Siyasi şərhçi hesab edir ki, Ermənistan Rusiyanın vassalığında olan bir dövlətdir. Ona görə də Kreml Azərbaycanla olan siyasətinə ehtiyatla yanaşır. Azərbaycan isə öz növbəsində güc mərkəzləri ilə bərabər məsafəli siyasət yürüdür:
“Əslində Pavlovskinin dediyində müəyyən həqiqət payı var. Rusiya Azərbaycanın strateji mütəffiqi deyil, sadəcə strateji tərəfdaşıdır. Münasibətlərdə təxminən bu yöndə tənzimlənir. Ancaq Ermənistan Azərbaycandan fərqli olaraq Rusiyanın strateji mütəffiqidir. Ermənistan Rusiyanın hərbi bloku olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və siyasi-iqtisadi bloku olan Avrasiya İttifaqının üzvüdür. Ancaq Azərbaycan Rusiyanın təmsil olunduğu heç bir ittifaqda təmsil olunmur. Bu baxımdan Rusiya XİN nümayəndəsinin dediklərində müəyyən həqiqət payı var. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanın Gümrü şəhərində 102 nömrəli hərbi bazası var. Ancaq Azərbaycanda Rusiyanın 1 nəfər belə əsgəri yoxdur. Rusiyanın Azərbaycandakı sonuncu mini hərbi bazası Qəbələdəki Radiolakasiya Stansiyası idi. Onu da Azərbaycan höküməti bir neçə il əvvəl birmənalı olaraq ərazisindən çıxartdı. Bu faktların hamısı sübut edir ki, Azərbaycan və Rusiya qonşuluq münasibətləri çərçivəsində tərəfdaş olsalar da , strateji mütəffiq deyillər. Ancaq Ermənistan bilavasitə Rusiyanın həm strateji mütəffiqidir, həm də Rusiyanın Kremldən idarə olunan forpost əyalətidir.
Azərbaycan hələ də balans siyasətini yürütməkdə davam edir. Dünyada olan güc mərkəzlərindən həm Rusiyaya, həm də Qərbə bərabər şəkildə məsafə saxlayır. Bununla da Azərbaycan hakimiyyəti düşünür ki, bir müddət bu siyasətlə gəmini limana sağ-salamat çatdırmaq mümkün olacaq. Bundan əlavə Azərbaycanın Rusiyaya yönəlik xarici siyasətində ciddi dəyişiklik yoxdur. Düzdür, Azərbaycan Rusiyanın rəhbərlik etdiyi strukturlarda təmsil olunmaq istəmir. Eyni zamanda Qərbin siyasi, hərbi strukturları ilə, Avropa Birliyi ilə tərəfdaşlıq müqavilələri imzalamaq istəmir. Bununla Azərbaycan həm Rusiyaya, həm də Qərbə bərabər məsafəni saxlamaqda davam edir. Çünki Azərbaycanın Dağlıq Qarabağ kimi bir yarası var. Bu məsələ həllini tapmayana və Rusiya bu problemin daxilində həll edici güc olana qədər Azərbaycanın Rusiyaya yönəlik siyasətində ciddi bir dəyişiklik olmayacaq”.
Rüstəm Məmmədov : “Rusiya Yerevanla olan münasibətlərində özünü Ermənistanın qoruyucusu və xilaskarı kimi aparır”.
Hüquq elmləri doktoru, professor , Beynəlxalq Ümumi Hüquq kafedrasının müdiri Rüstəm Məmmədov da Pavloskinin məsələni düz şərh etdiyini bildirir. Lakin ekspert Azərbaycanın Rusiyadan Qarabağ məsələsinə obyektiv münasibət bəsləməsini gözləyir.Ancaq Rusiyanın davranışları göstərir ki, hələ də, arzu edilən münasibət müzakirə məsələsi belə deyil:
“Pavlovksi düzünü deyib. Dəqiq bildirib ki, Rusiyanın Ermənistana və Azərbaycana olan münasibəti eyni deyil. Bu birmənali məsələdir, bunu hami basa düşür. Risiya Ermənistana özünün vassalı kimi baxır. Azərbaycanla isə ehtiyatlı siyasət yürüdür və bununla nümayiş etdirir ki, Azərbaycaana güvənmir.Buna görə də belə bəyanatları çox eşidəcəyik.
Azərbaycanın isə xarici siyasəti Rusiya ilə münasibətdə müəyyən dərəcədə dəyişib. Azərbaycan bugün Rusiyanı özünün hərbi tərəfdaşı saymir. Lakin buna baxmayaraq Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan obyektiv münasibət gözləyir. Hələ ki, bu münasibəti görmürük. Ona görə də Azərbaycan da öz növbəsində Rusiya ilə siyasi tərəşdaşlığını çox ehtiyatla aparır. Və deyim ki, Azərbaycanın xarici siyasət kursunda bu çox vacib məsələdir. Rusiya Ermənistana münasibətdə isə özünü Ermənistanın xilaskarı kimi aparır. Buna görə də indiki vəziyyət Dağlıq Qarabağ məsələsinin həlli əvəzinə Rusiyanın siyasəti başqa istiqamətdə inkişaf edir”.
"REAL "kütləvi partiya" modelindən uzaq təşkilatdı" - Azər Qasımlı
Azər Qasımlı: “Rusiya məmurları hər mövzuda olduğu kimi, bu məsələdə də tarixi yaddaşlarını əsas hesab edirlər. Ümumiyyətlə rus cəmiyyəti və rus siyasətçiləri tarixdə ilişib qalıblar”.
Siyasət üzrə fəlsəfə doktoru, REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı hesab edir ki, istər Azərbaycana, istərsə də Ermənistana dost ölkə kimi baxmır. Azər Qasımlı öz növbəsində Azərbaycanın yürütdüyü xarici siyasəti cəsarətsiz və düzgün olmayan siyasət kimi dəyərləndirir:
“Rusiya nə Azərbaycana nə də Ermənistana dost kimi baxır. Rusiyanın öz maraqları var və bu maraqlara uyğun olaraq da davranır. Ruslar Ermənistanı da, Azərbaycanı da özlərindən asılı ölkə hesab edirlər, hər iki ölkənin ərazisini də öz əraziləri kimi bilirlər. Rusiya məmurları hər mövzuda olduğu kimi, bu məsələdə də tarixi yaddaşlarını əsas hesab edirlər. Ümumiyyətlə rus cəmiyyəti və rus siyasətçiləri tarixdə ilişib qalıblar. Hər il 9 mayda parad keçirib qələbələrini qeyd edirlər. Halbuki ikinci dünya müharibəsindən 70 il keçib və bu qələbədə təkcə ruslar həlledici rol oynamayıblar. Həmçinin Böyük Britaniya və ABŞ-ın qələbədə böyük payı var. Yəni Rusiyada qabağa getmək əvəzinə, dünyadaki vəziyyəti və Rusiyanın beynəlxalq sistemdəki yerini təzədən gözdən keçirmək əvəzinə 70 il bundan əvvəlki kateqoriyalarla düşünürlər. Rusiya XİN-in rəsmi nümayəndəsinin bu yanaşması da, dediyim o köhnə, geridə qalmış düşüncənin məhsuludur.
Mən həmçinin Azərbaycanın yürütdüyü xarici siyasəti də yanlış hesab edirəm. Çünki Rusiya kimi ölkələrlə məsafə saxlamaq əvəzinə, Azərbaycanın hakim elitası bu məsafəni tam əksinə, azaldır. Çünki Azərbaycanın siyasi elita daxilində ruslara həm siyasi, həm kulturoloji bağlılıq var. Bizim elita rus elitası ilə tam vəhdətdədir. Rusiyanın maraqlarına zidd addım ata bilmirlər.
Əslində isə ölkəmiz AvroAtlantik məkana, NATO-ya inteqrassiya etməliydi. Amma ildən ilə biz Qərbdən uzaqlaşırıq, Rusiyaya isə yaxınlaşırıq. Məsələyə bu prizmadan baxanda xarici siyasətimizi cəsarətsiz siyasət adlandırardım”.