ABŞ Liviyaya qoşun yeritmək istəyir
22-05-2016, 13:10
Amerika Birləşmiş Ştatları (ABŞ) ordusunun baş qərargah rəisi Cozef Dunford ABŞ-ın Liviyaya girməyə hazırlaşdığını deyib. ANSPRESS-in məlumatına görə, qərargah rəisi Vaşinqtonda iştirak etdiyi ABŞ Senatının Silahlı Xidmətlər Komitəsinin toplantısındakı çıxışı zamanı Liviyada vəziyyətin kritik olduğunu, buna görə də xüsusi təyinatlıların həmin ölkəyə girməyə hazırlaşdığını və bunun hər an baş verə biləcəyini deyib.
“Washington Post” qəzetinə də açıqlama verən general Dunford Liviyanın Milli İttifaq Hökuməti ilə sıx əlaqələrin olduğunu və ölkəni İŞİD-in əlindən almaq istədiklərini vurğulayıb.
"Liviyada İŞİD-in varlığı ilə bağlı deyilənlər uzun müddətdir diqqət çəkir. ABŞ və Avropa Birliyinə üzv dövlətlər İŞİD-in bu bölgədə gücünü artırdığını deyərək hərbi müdaxiləyə hazırlaşırlar".
Amerikalı mütəxəssislər İraq və Suriyada güc itirən terror təşkilatının yeni hədəfinin Liviya olduğunu bildirirlər. “New York Times”ın xəbərinə görə, ABŞ prezidenti Barak Obamaya məsləhətçilərindən İŞİD-in Liviyada qüvvətlənməsinə qarşı hərəkətə keçməsi üçün təzyiq göstərilir.
Kaliforniyadan seçilən millət vəkili Adam B. Şiff də “terror təşkilatının Liviyada çox böyük bir bölgəni tutduğunu və həmin ərazini nəzarəti altında saxlayaraq idarə etdiyini görəbilərsiniz” deyərkən, Liviyanın Avropanın şərqinə yaxın olmasına işarət edib.
“New York Times” Pentaqonun səlahiyyətli şəxslərinə istinadən terror təşkilatının Liviyadakı döyüşçü sayının son bir neçə ayda iki dəfədən çox artaraq 6500 nəfərə yüksəldiyini yazıb.
ABŞ prezidenti Barak Obamaya məsləhətçiləri tərəfindən Liviyaya qoşun yeritməsi üçün təzyiq olsa da, hələ bir müddət əvvəl Obama prezidentlik müddətində etdiyi ən böyük səhvini etiraf edib. O, ən böyük yalnışığın 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafi devrildikdən sonrakı dövr üçün plan hazırlamaması olduğunu etiraf edib.
"Liviyada çevrilişdən sonrakı dövr üçün daha çox iş görə bilərdik". Bununla da o, ölkəsinin Qəddafisiz bir dönəmə hazırlıqsız başladığını boynuna almış olub.