ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub
16-03-2023, 08:18

Rusiya və ABŞ müdafiə nazirləri – Sergey Şoyqu və Lloyd Ostin arasında telefon danışığı olub.
Editor.az Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, danışıq Amerika tərəfinin təşəbbüsü ilə baş verib. Məlumata görə, “2023-cü il martın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.
Mövzu şübhəsiz ki, martın 14-də Qara dəniz üzərində Amerikaya məxsus “MQ-9 Reaper” pilotsuz uçan aparatı ilə bağlı insident olub. ABŞ ordusu onun Rusiya “Su-27” qırıcısının manevri nəticəsində düşdüyünü iddia edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarə “nəzarətsiz uçuşa keçdikdən” sonra “hava məkanından istifadəsi ilə bağlı müvəqqəti rejimin” qaydalarını pozub” və dənizə düşüb. ABŞ Dövlət Departamentinin məlumatına görə isə PUA rusiyalı pilotun səhvi ucbatından qəzaya uğrayıb.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Rusiya düşmüş pilotsuz təyyarənin qalıqlarını qaytarmağa çalışacaq. CNN-in məlumatına görə, ABŞ səlahiyyətliləri drondan həssas məlumatları uzaqdan siliblər. Hadisə ilə bağlı Rusiya səfiri Anatoli Antonov ABŞ Dövlət Departamentinə çağırılıb.