Tehran Zelenskiyə sərt cavab verdi- gərginlik daha da artdı

28-05-2023, 12:05           
Tehran Zelenskiyə sərt cavab verdi- gərginlik daha da artdı
Ukrayna prezidentinin “niyə şər dövlətin tərəfindəsiniz” sualı İran hökumətini qəzəbləndirdi
Rəsmi Tehranla Ukrayna arasında gərginlik daha da artıb. Buna səbəb Ukrayna prezidenti Vladimir Zelenskinin bu günlərdəki müraciətində rəsmi Tehranın ünvanına səsləndirdiyi fikirlər olub.

Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi İran istehsalı olan "Shahed" pilotsuz uçuş aparatlarından danışan Zelenski qeyd edib ki, Ukrayna əsgərləri bu PUA-ların əksəriyyətini məhv ediblər. Ukrayna prezidenti birbaşa İran xalqına, cəmiyyətinə, üləmaya, hər bir iranlı ailəyə və İranda hökumət qərarlarına təsir edə bilən insanlara müraciət edib. "Sadə bir sual: siz niyə Rusiya terrorunun şəriki olmalısınız? Niyə şər dövlətin tərəfindəsiniz? Dünya baş verənləri görür, siz hamınız İranda bunu görürsünüz. Şərə dəstəyi inkar etmək mümkün deyil" deyə, Zelenski bildirib.

"İranın pilotsuz təyyarəsi hamilə ukraynalı qadını evində əri ilə birlikdə öldürəndə, tələbə yataqxanasını vuranda yanğın başlayır və insanlar ölürdü. Hadisə yerinə xilasedicilər çatanda ikinci bir "Shahed" hücumu baş verdi. İnsanların həyatını xilas edənlərin həyatını almağa. İran niyə belə rüsvayçı qətllərə səbəb olur?" - Zelenski soruşub.

"Bundan nə qazanırsınız, Tehranda, Şirazda, Saqqızda və ya ölkənin hər hansı başqa şəhərində yaşayan insanlılar? Təəssüf ki, dünyadan daha çox təcrid və daha çox problem. Əminəm ki, siz digər tərəfdə olmalısınız" deyə, Zelenski vurğulayıb

Musavat.com İSNA xəbər agentliyinə istinadən bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Zelenskinin dediklərinə sərt reaksiya verib. Kanani bildirib ki, Ukrayna prezidenti Zelenski İran xalqına qarşı yönəlmiş “siyasi şousu” ilə müttəfiqlərdən əlavə hərbi yardım almağa çalışır.

“Ukrayna prezidentinin İrana qarşı yalan iddialarının təkrarlaması,İran hökuməti və xalqına qarşı apardığı təbliğat müharibəsinin səbəbi Qərb ölkələrindən mümkün qədər daha çox silah və maliyyə yardımı almaqdır” deyə, XİN rəsmisi bildirib.

Bundan əvvəl Ukraynan kəşfiyyatının rəhbəri Kirill Budanov da bildirib ki, Kiyev İranda pilotsuz uçuş aparatları istehsal edən və Rusiyaya təhvil verən PUA istehsalının məhv edilməsi əməliyyatını həyata keçirə bilər. Buna cavab olaraq Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Rusiyanın İrandan pilotsuz təyyarələrinin alınması ilə bağlı xəbəri təkzib edib.

Xatırladaq ki, 2023-cü ilin yanvarında İranın mərkəzi hissəsindəki İsfahan şəhərində Müdafiə Nazirliyinin müəssisələrindən birinin silah-sursat anbarında güclü partlayış baş vermişdi. Sonradan iddia olunub ki, İran bu hücumun potensial günahkarı kimi Ukraynanı nəzərdən keçirir. İran həm də bəyan etmişdi ki, müdafiə müəssisəsinə pilotsuz təyyarələrin hücumdan sonra Ukrayna münaqişəsi ilə bağlı siyasətinə “düzəliş edə bilərlər”.

Orxan ƏLİYEV,
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.