Ev dustağı olan sabiq prezidentə ölkədən çıxmağa icazə verildi
15-09-2023, 14:24
Moldova Ali Ədliyyə Məhkəməsi korrupsiyada, siyasi partiyanı təşkil etməkdə və “cinayətkar təşkilat”dan maliyyə almaqda ittiham olunan eks-prezident İqor Dodonun xaricə getməsinə icazə verib.
“AzPolitika.info” bu barədə “Yevropeyskaya Pravda” ya istinadla xəbər verir.
Məhkəmə prokurorun ölkədən çıxış qadağasının daha 60 gün uzadılması tələbini rədd edib, lakin Dodona məhkəmə iclaslarında iştirak etməyi tapşırıb.
Dodon istintaqdan gizlənmək niyyətində olmadığını, ancaq ailəsi ilə birlikdə bir neçə günlük xaricə getmək istədiyini bildirib.
"Bir il yarım ərzində 180 gün ev dustaqlığında qaldım, ölkədən çıxış qadağası 300 gün qüvvədə idi. Bu gün bu məhdudiyyətlər aradan qaldırılıb. Mən bu qərarı düzgün, lakin gecikmiş qərar hesab edirəm", - deyə Dodon bildirib.
Dodonun ölkəni tərk etməməsi ilə bağlı iltizamı var, ona görə də xaricə getmək üçün məhkəmə icazəsi lazımdır.