Rusiyanın təcavüzündən sonra Ukrayna dünyanın ən çox minalanmış ölkələrindən biri olub
24-04-2024, 12:34
Rusiyanın iki ildir genişmiqyaslı təcavüzündən sonra rəsmilər Ukraynanın dünyanın ən çox minalanmış ölkələrindən biri olduğunu deyir. Lesya Bakaletsin Kyivdən verdiyi məlumata görə, minalar insan həyatı üçün təhlükə yaratmaqla yanaşı, ətraf mühitə də təsir edir.
Kyiv vilayətindəki Lipivka kəndi genişmiqyaslı təcavüzün əvvəlində ruslar tərəfindən işğal edilmişdi. İşarələr buradan 300 metr aralıda minalanmış sahənin olduğunu göstərir.
Minatəmizləmə xeyriyyə təşkilatı "HALO Trust" burada çalışır. Minatəmizləyən Yulya təhlükəsizlik səbəbi ilə soyadını demir. "Çox ehtiyatla əlimi 30 dərəcə 60 santimetr irəli uzadıram. Çubuq kimi şübhəli bir şey görsəm, barmaqlarımı ona sürtürəm. Bu, quru çubuqdur. Bunu barmaqlarımla hiss edirəm".
Kyiv bölgəsi Ukraynada "HALO Trust"ın mina və digər partlayıcı qurğuların təmizlənməsi üçün işlədiyi üç ərazidən biridir. " HALO Trust"dan Sem Roulands: "Münaqişənin davam etməsi və çirklənmənin miqyası ilə dəqiq demək çətindir, lakin çox güman ki, Ukrayna dünyada ən çox çirklənmiş ölkədir. Ukraynanın minalardan təmizlənməsinə nə qədər vaxt lazım olacağına dair təxminlər 10 il və daha çox müddətə qədər dəyişir".
Ukraynanın ətraf mühit naziri Ruslan Strilets bunun miqyasını izah edir. Ukraynanın ətraf mühit naziri Ruslan Strilets: "Ölkəmizin ərazisinin 25%-i minalanıb və potensial olaraq, tədqiqat və gələcəkdə minalardan təmizləmə tələb olunur".
Nazir deyir ki, insanlar üçün ölüm təhlükəsi ilə yanaşı, minalar ətraf mühitə də ciddi ziyan vurur. Hər bir nəzarətsiz partlayış meşə yanğınına səbəb ola bilər. "Bizdə elə hallar olub ki, meşə yanğınının baş verməsi barədə məlumat alan meşə işçiləri yanğın yerinə getməyə cəhd edərkən minalarda partlayıb. Minalara görə biz bəzi ərazilərə belə gedə bilmirik".
Partlayıcılar xəbərdarlıq işarələri ilə dayandırıla bilməyən heyvanları da öldürür.
Hər bir partlayış, hətta minalardan təmizləmə zamanı baş verənlər ağır metalların torpağa sızması deməkdir. Ətraf Mühit Təşəbbüsləri Ekoaksiya Mərkəzindən Mariya Dyaçuk: "Minaları təmizləndikdən sonra çirklənmə səviyyəsinin qeydə alınması vacibdir. Ətraf mühitə bu təsir hazırda yoxlanılmır. Buna görə də biz bunu dəyişməyi tövsiyə edirik ki, torpaq istifadəyə qaytarılarkən çirklənmə səviyyəsi nəzərə alınsın".
Bu, öz kənd təsərrüfatı komandası ilə birlikdə çalışan “HALO Trust”ın hədəfidir. Sem Roulends: "Partlayışlar və ya döyüşlərdə istifadə olunan artilleriya və digər silahlar kimi ağır metallarla çirklənmə olduğunu bildiyimiz ərazilərdən torpaq analizinə başlamağımızın mümkün olub-olmadığını bilməmiz üçün Ukraynanın universitetləri və digər subyektlərilə müzakirələrə başlanıb".
Ətraf mühit naziri Strilets Ukraynanın ekosisteminin Avropanın ümumi bio-müxtəlifliyinin 30%-ni təşkil etdiyini bildirib.
O deyir ki, zərərin aradan qaldırılması üçün ilk addım minaların təmizlənməsidir.