ABŞ Ukraynada hərbi müşavirlərinin sayını artıra bilər
24-04-2024, 13:04
ABŞ Ukrayna hökumətinə və ordusuna məsləhət və dəstək vermək üçün Kyivdəki səfirliyində hərbi müşavirlərinin sayını artıra bilər. Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, bu hərbi qulluqçular "qeyri-döyüş funksiyalarını" yerinə yetirəcək.
"Münaqişə boyu Müdafiə Nazirliyi vəziyyət dəyişdikcə ölkədəki mövcudluğumuzu nəzərdən keçirir və düzəlişlər edir. Hazırda biz səfirlikdəki müdafiə sahəsində əməkdaşıq ofisini gücləndirmək üçün bir neçə əlavə məsləhətçi göndərmək imkanını araşdırırıq", Rayder bildirib.
Hələlik yekunlaşmayan planları müzakirə edə bilmək üçün Amerikanın Səsinə adlarının açıqlanması şərti ilə danışan iki ABŞ müdafiə rəsmisi məsləhətçilərin sayının "bir o qədər də çox olmadığını" və səfirliyin ehtiyaclarından asılı olaraq bir qədər dəyişə biləcəyini deyiblər.
Müzakirələrlə tanış olan mənbə "25-dən az" hərbçidən söhbət getdiyini bildirib.
Müdafiə rəsmilərinin sözlərinə görə, onlar bir neçə sahədə məsləhət verə bilərlər: maddi-texniki təminat, texniki xidmət, rabitə və uzunmüddətli döyüş əməliyyatları aparmaq bacarığı.
Politico qəzeti əlavə hərbçilərin yerləşdirilməsi barədə məlumat verən ilk nəşr olub.
Pentaqonda yeni müzakirələr Nümayəndələr Palatasının şənbə günü Ukrayna, İsrail və Tayvan üçün ümumi məbləği 95 milyard dollar olan dörd hissədən ibarət xarici yardım paketini təsdiqləməsindən sonraya təsadüf edir.
Qanun layihəsində Kyivə Rusiyanın müdaxiləsinə qarşı mübarizə üçün 61 milyard dollar, İsrailə və Qəzza da daxil olmaqla, münaqişə zonalarında mülki şəxslərə humanitar yardım üçün 26 milyard dollar, Hind-Sakit Okean regionu üçün isə 8 milyard vəsait ayrılması nəzərdə tutulur.
Prezident Co Bayden şənbə günü verdiyi açıqlamada Senatı "onların təcili döyüş ehtiyaclarını ödəmək üçün Ukraynaya tez bir zamanda silah və texnika göndərə bilmək" üçün tez bir zamanda paketi onun imzasına göndərməyə çağırıb.
Onun sözlərinə görə, qanun layihələri ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına cavab verir və "Amerikanın liderliyinin dünya səhnəsində gücü haqda aydın siqnal" göndərir.