Fransa prezidenti ixtişaşların baş verdiyi Yeni Kaledoniyaya səfər edir

23-05-2024, 13:14           
Fransa prezidenti ixtişaşların baş verdiyi Yeni Kaledoniyaya səfər edir
Fransa prezidenti Emmanuel Makron ixtişaşların baş verdiyi Sakit Okean ərazisi Yeni Kaledoniyaya səfər edir. Makronun cümə axşamı səhər saatlarında orada olacağı gözlənilir.

Makronun Fransanın nəzarət etdiyi arxipelaqa səfəri ölümcül ixtişaşlardan bir həftə sonraya təsadüf edir. Yeni Kaledoniyada zorakılıqla müşayiət edilən etiraza Fransa parlamentinin Yeni Kaledoniyada 10 il yaşamış və Fransada doğulmuş şəxslərin yerli seçkilərdə səs verə bilməsi ilə bağlı verdiyi qərar səbəb olub. Adanın müstəqillik tərəfdarlarının liderləri bildirir ki, bu qərar onilliklər ərzində ayrı-seçkilik qurbanları olmuş yerli Kanak əhalisinin səslənini seyrəldəcək.

İxtişaşlar zamanı ən azı altı nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Paytaxt Noumeda çox sayda evlər və müəssisələr qarət edilib və yandırılıb. Nəticədə yerli rəsmilər səhərdən axşama qədər küçəyə çıxmaq qadağası elan edib və toplaşmağa qadağa qoyub. Zorakılıq həmçinin məktəblərin və müəssisələrin qapadılmasına, hava limanının fəaliyyətinin dayandırılmasına səbəb olub, minlərlə turist ərazini tərk edə bilməyib.

Kanak etirazçılar Noumea şəhərini girişi və çıxışı bağlayaraq, evlərindən və hotellərdən çıxa bilməyən vətəndaşlara və turistlərə qida və tibbi məhsulların çatdırılmasına maneə yaradıblar.

Avstraliya və Yeni Zelandiya adadan çıxa bilməyən vətəndaşlarını çıxarmaq üçün təyyarələr göndərməyə başlayıblar.

Fransa ixtişaşların qarşısını almaq üçün 1000 nəfərlik təhlükəsizlik heyəti göndərib. Çərşənbə axşamı bu heyətə əlavə olaraq yüzlərlə yeni təhlükəsizlik əməkdaşları göndərilib.

Ən azı 270 nəfərin həbs edildiyi bildirilir.

Fransa 1998-ci ildə Yeni Kaledoniyaya daha çox siyasi hakimiyyət və muxtariyyət verməyə, o cümlədən adanın statusu ilə bağlı üç referendum keçirməyə razılıq verib. Seçicilər hər üç referendumda müstəqilliyin lehinə səs veriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.