Cənubi Koreya və Yaponiya ABŞ ilə əməkdaşlığı gücləndirəcək
27-05-2024, 00:09
Koreya Respublikasının Prezidenti Yun Seok-yeol və Yaponiyanın baş naziri Fumio Kişida KXDR-i BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğuna görə pisləyərək, ABŞ ilə üçtərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Koreya Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Yun Seok-yeol və Kişida arasındakı görüş Seulda baş tutub və 50 dəqiqə davam edib. Qeyd edilib ki, mayın 27-də Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Qianq ilə üçtərəfli sammitin keçirilməsi planlaşdırılır: "Koreya Respublikası və Yaponiya liderləri Şimali Koreyanın nüvə qüvvələrini gücləndirməklə məşğul olması, dialoqdan imtina etməsi və Təhlükəsizlik Şurasının sanksiyalarını açıq şəkildə pozması ilə bağlı narahatlıqlarını ifadə ediblər".
Yun Seok-yeol və Kişida aktual regional və beynəlxalq məsələlərlə bağlı əlaqə saxlamaq barədə razılığa gəliblər. Tərəflər enerji, texnologiya və təchizat zənciri sektorlarında əməkdaşlığı müzakirə ediblər.
Kişida, öz növbəsində, danışıqların yekunu üzrə jurnalistlərlə söhbətində vurğulayıb ki, o, gələn il qeyd olunacaq Yaponiya və Cənubi Koreya arasında münasibətlərin normallaşmasının ildönümü ərəfəsində münasibətlərin inkişafının hərtərəfli intensivləşdirilməsinə dair Cənubi Koreya prezidenti ilə razılığa gəlib. Yaponiya hökumətinin başçısı Koreya Respublikasının Yaponiya üçün vacib tərəfdaş olduğunu vurğulayıb.