Kopenhagendə turistlərə pulsuz ekskursiyalar və nahar müqabilində təmizlik işlərində iştirak etmək təklif olunur.
Bu barədə Danimarka paytaxtının turizm departamentinin saytında məlumat verilib.
Turistlərin mentalitetini dəyişməyə yönəlmiş "CopenPay" pilot layihəsi turizm departamenti tərəfindən hazırlanıb. Məqsəd əcnəbiləri daha "yaşıl" seçimlər etməyə təşviqdir. Turistlər indi velosiped sürmək, iməciliklərdə iştirak etmək və ya yerli təsərrüfatlarda könüllü olmaq kimi ekoloji fəaliyyətlərdə iştirak etdikləri üçün mükafatlandırılacaqlar.
"CopenPay" proqramı iyulun 15-dən avqustun 11-dək qüvvədə olacaq. İştirak etmək istəyənlərdən niyyətin "sübutu" olaraq velosiped sürərkən çəkilmiş fotoşəkil təqdim etmələri xahiş olunacaq.