İran Azərbaycanı və Türkmənsəhrada edam hökmləri icra edilib

11-10-2024, 11:34           
İran Azərbaycanı və Türkmənsəhrada edam hökmləri icra edilib
Hüquq müdafiəçiləri ümumdünya ölüm cəzasına qarşı mübarizə günü olaraq qeyd edilən oktyabrın 10-da Urmiyə daxil olmaqla, İranın bir neçə şəhərində edam hökmlərinin icra edildiyini bildirib.

HRA agentliyi və Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu oktyabrın 10-da Urmiyə və Şiraz şəhərində icra edilən edamlar haqqında məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi Urmiyənin mərkəzi həbsxanasında iki məhkumun asıldığını bildirib. Asılanlardan birinin adı Burhan Ənsari olaraq açıqlanıb.

Bu yaxınlarda Ərdəbil və Həmədan şəhərləri, eləcə də Türkmənsəhranın Günbəd Kavus şəhərində də ən az üç məhkumun ölüm cəzasının tətbiq edildiyi bildirilib.

IHR qrupunun bildirdiyinə görə, Ərdəbil şəhərində Yunus Piruzi adlı məhkumun edam hökmü bazar günü icra edilib. Yayılan məlumata görə, Piruzi qəsdən adam öldürmək ittihamından qisasa məhkum olunmuşdu.

Hüquq-müdafiə qurumu şənbə günü Həmədan həbsxanasında edam edilən şəxsin adının Əşkan Yari olduğunu yazıb. Yari narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmişdi.

Türkmənsəhra bölgəsinin mərkəzi hesab edilən Günbəd Kavus (Kümmet Gowuz) şəhərində isə bir məhkumun ölüm cəzası təqribən bir həftə əvvəl tətbiq edilib. Hüquq-müdafiə qurumları edam edilən şəxin 35 yaşlı Qaffar Hivəçi olduğunu yazıblar. Hivəçinin dörd il əvvəl qəsdən adam öldürməkdən təqsirli bilinərək edama məhkum olunduğu bildirilib.
ABŞ-da yerləşən hüquq-müdafiə qurumları İran İnsan Haqları Fəalları və Əbdürrəhman Burumənd Mərkəzinin ümumdünya ölüm cəzasına qarşı mübarizə günü münasibəti ilə yaydıqları birgə bəyanatda deyilir ki, oktyabr 2023-dən oktyabr 2024-ə qədər İranda 800-dən artıq məhkumun ölüm cəzası icra edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.