Aİ BMT-nin sülhməramlı missiyalarına qarşı hər bir hücumu pisləyir
15-10-2024, 17:34
Avropa diplomatiyasının rəhbəri Cozep Borrell İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanda BMT-nin sülhməramlı missiyasına (UNIFIL) qarşı hərəkətləri ilə bağlı bildirib ki, Avropa İttifaqı BMT missiyalarına qarşı hər bir hücumu pisləyir.
“BMT sülhməramlılarına bu kimi hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bu, tamamilə qəbuledilməzdir. Bu hücumlar dərhal dayandırılmalıdır”, Borrell bazar günü axşam yaydığı bəyanatda bildirib.
Aİ-nin xarici siyasət komissarı “İsrail Müdafiə Qüvvələrinin bir neçə sülhməramlının yaralanması ilə nəticələnən UNIFIL-ə hücumlarından xüsusi narahatlığını” ifadə edib.
İsrail BMT-nin Livanda UNIFIL sülhməramlıları ilə bağlı insidentlərə dair bəzi şərhlərini mübahisələndirir. İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, sülhməramlılar döyüşlər şiddətləndiyi üçün Hizbullah yaraqlıları üçün “insan qalxanları” rolunu oynayır.
Cümə axşamından bəri baş verən üç ayrı insidentdə beş sülhməramlının yaralanmasından sonra İsrail lideri BMT-nin baş katibi Antonio Quterreşə deyib ki, “BMT-nin qüvvələrini “Hizbullahın qalalarından və döyüş bölgələrindən çıxarmağın” vaxtı çatıb.
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) şənbə günü qoşunlarını köçürməkdən imtina edib.
Borrell bəyanatında münaqişənin “bütün tərəflərinin” BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək öhdəliyi daşıdığını vurğulayıb.
“Biz Livanın cənubunda sabitlikdə əsas rol oynayan UNIFIL-ə hücumlarla bağlı İsrail hakimiyyət orqanlarından təcili izahatlar və hərtərəfli araşdırma gözləyirik” - deyə Borrel bildirib.
Bundan əvvəl ABŞ İsraili Livandakı BMT sülhməramlılarını təhlükəyə atmamağa çağırıb.
Müxtəlif ölkələrdən olan təxminən 9500 əsgərdən ibarət UNIFIL-in missiyası İsrailin 1978-ci ildə Livana təcavüzündən sonra yaradılıb. Hazırda missiyaya İsrail və Hizbullah arasında 2006-cı ildə 33 günlük müharibəyə son qoyan atəşkəs rejiminə nəzarət etmək tapşırılıb.